Bu, aksiomdur !- “İşğalçı ölkə məğlubiyyətə məhkumdur” – Durumu pisləşəcək !

“İşğalçının bütün cəhdləri puça çıxacaq. Çünki daxili vəziyyət günü-gündən pisləşir”

“Müharibə dövründə təhlükəsizlik xidməti rəhbərinin işdən çıxarılması bunu təsdiqləyir”

 
Erməmənistan siyasi hakimiyyətinin diplomatiyadakı bütün məqsədləri tam çılpaqlığı ilə məlumdur. Baş nazir Paşinyan törətdiyi təxribatlarla müharibənin miqyasını genişləndirmək, Rusiyanı da davam edən genişmiqyaslı hərbi əməliyyatlara cəlb etmək istəyir. 
Çünki hər iki dövlətin daxil olduğu KTMT-nin şərtlərinə görə, üzvlərdən birinə qarşı təhlükə yaranarsa, digərləri öz dəstəyini göstərməlidir. Bu nöqteyi-nəzərdən Paşinyan yeganə çıxış yolunun bu olduğunu etiraf etməkdən də çəkinmir. 

Hətta ötənlərdə verdiyi açıqlamasında, az qala, rəsmi Moskvanı borclu çıxarıb. N.Paşinyan “L’Agence France-Presse ”ə açıqlamasında qeyd edib ki, Ermənistana təhdid yaranarsa, Rusiya onu müdafiə etmək məcburiyyətində qalacaq”. Erməni baş nazir bu açıqlaması ilə həm cəbhədəki məğlubiyyətini etiraf etdi, həm də Kremli məsələyə sövq etdiyini açıq nümayiş etdirdi. 

Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, işğalçının bütün cəhdləri puça çıxacaq: 

“İndi dünya 90-cı illərdəki dünya deyil. Ermənistanın məntiqsiz, mənasız ambisiyaları beynəlxalq hüquqla dəstəklənmir. Azərbaycan beynəlxalq ictimai rəyi öz xeyrinə dəyişməyi bacarıb. İndi dünya ölkələri, beynəlxalq təşkilatlar bizim tərəfimizdədir.

Bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsidir.

Odur ki, düşmən təxribatlara əl atsa da, heç bir ciddi nəticə qazana bilməz. Sadəcə ayrı-ayrı ölkələrdəki erməni lobbisi, onların təsiri altında olanlar təcavüzkarı dəstəkləyirlər. Ermənistanın niyyəti isə əvvəldən məlumdur. 

O, müharibənin miqyasını genişləndirmək istəyir. Ancaq buna nail ola bilmir, bilməyəcək də. Çünki daxili vəziyyət günü-gündən pisləşir. Müharibə dövründə təhlükəsizlik xidməti rəhbərinin işdən çıxarılması bunu təsdiqləyir. 

Həmçinin müxtəlif informasiya vasitələrinə senzuranın tətbiq edilməsi də məğlubiyyəti daxili auditoriyadan gizlətmək üçündür. 
Uduzduğunu anlayan Ermənistan hərbi-siyasi hakimiyyəti hərbçiləri satqınlıqda günahlandırır. Şərait isə hələ daha da pisləşəcək. İşğalçı ölkə məğlubiyyətə və dağıntıya məhkumdur. Bu, aksiomdur”.