TARİXÇİDƏN MÜHÜM İSMARIC ! - Ermənistan sülh məsələsində səmimi deyil” – Vaxt qazanır...!

"İstədikləri sadəcə vaxt qazanmaq, güc toplamaq və beləliklə, status-kvonu qorumaqdır”

“Həm də erməni baş nazir Nikol Paşinyan sülhpərvər bir imic yaratmaq niyyətindədir”

“Amma bax, indi həmin məqamdır: “Ədalətsizliklə yaranan şərəfsizcə məhv olur”” 



On gündən artıqdır, davam edən Dağlıq Qarabağ müharibəsi artıq dünya mətbuatının gündəmindədir. Siyasi analitiklər, hərbi ekspertlər, hərb tarixçiləri  genişmiqyqaslı hərbi əməliyyatlarla bağlı fikir bildirir, şərhlər verirlər. Əlbəttə, artıq müharibəyə çevrilən münaqişənin kökünə kifayət qədər bələd olan tarixçilər də məsələyə biganə deyillər. Onlar bu günlərdə bütün gücləri ilə çalışır, yaradılmış mifləri, saxta tarixləri faktlarla məhv edirlər. Deməli, ədaləti bərpa edən məhz tarixdir. Mütəfəkkirlərdən biri deyib ki, keçmişinə güllə atanı gələcək topa tutar. Ermənilər keçmişlərini qəbul etmədiklərinə, bütün vəchlərlə tarixi saxtalaşdırdıqlarına görə, belə aciz vəziyyətdədirlər. Deməli, tarix heç nəyi unutmur. 

Azərbaycan respublikasının Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova hazırda baş verən hadisələrlə bağlı “Sherg.az”a müsahibə verib:

- Budəfəki genişmiqyaslı hərbi əməliyyatlar barədə nə düşünürsünüz?

- Ermənistanın yüz ildən artıqdır, davam edən təzavüzkar siyasəti təkcə təxribat yox, həm də “Böyük Ermənistan” planını gerçəkləşdirmək cəhdidir. Çünki onlar işğal etdikləri torpaqlarla kifayətlənməyib, həm də yeni ərazi iddiaları ilə çıxış edirlər. Tovuz təxribatı da bunu göstərdi. Onlar öz çirkin niyyətlərini həyata keçirməkdən ötrü bütün vasitələri məqbul edirlər. Tərəflər arasındakı münaqişənin son fazası 1988-ci ildən başlayır. Sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar isə bayaq da dediyim kimi, yüz illik siyasətin bir parçasıdır. Bu təxribatlar insanlığa qarşı yönəlmiş elementləri özündə əks etdirir.

- Bəs düşmənin ard-arda bu qədər təxribat törəməkdə məqsədi nədir?

- Birincisi, işğalçı yeni ərazilər əldə edərək danışıqların şərtlərini ağırlaşdırmaq niyyətindədir. İkinci isə onlar Azərbaycan ictimaiyyətində xaos, panika və ruh düşkünlüyü yaratmaq istəyirlər. Eyni zamanda strateji əhəmiyyətli mövqelərimizi ələ keçirməkdə təbii ki, təcavüzkarın marağındadır.

- Deməli, bilə-bilə bizi müharibəyə çəkiblər?

- Əlbəttə. Şuşada keçirilən and içmə mərasimi, Paşinyanın prezidentimizə mesajları və sair bu kimi onlarca amil genişmiqyqaslı hərbi əməliyyatlara hesablanmış təxribat idi. Əslində müharibə başlamazdan bir müddət əvvəl dövlət başçımız Ermənistanın müharibəyə hazırlaşdığı, terror qruplaşmaları ilə işbirliyində olduğu barədə xəbərdarlıqlar etmişdi. Amma təəssüf ki, dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar buna məhəl qoymadı. Ona görə müharibənin bütün məsuliyyətini düşmən daşıyır.

- Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin müharibəyə münasibətini necə qiymətləndirirsiniz?

-Hazırda bizi birmənalı olaraq dəstəkləyən Türkiyə, Pakistan və başqa bir sıra ölkələrdir. Əksər Avropa dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun məsələyə reaksiyası isə beynəlxalq hüquqa tamamilə ziddir. Fransa, Rusiya, İran və bəzi digər dövlətlər işğalçının mövqeyini dəstəkləyir. Fransa hazırkı prezidenti Emanuel Makron unutmamalıdır ki, birinci dünya savaşından sonra Fransa siyasi rəhbərliyi iştirak etdiyi bir konfransda demişdir: “Ədalətsizliklə yaranan şərəfsizcə məhv olur”. Bax, indi həmin məqamdır. Ədalətsizliklə yaranan dövlət- Ermənistanın siyasəti yaxın vaxtlarda iflasa uğrayacaq.

- Rusiya müharibənin ilk günlərində səssiz qaldı, amma son iki gündür ki, aktivləşib...

- İlk günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov da aktiv reaksiya göstərirdi. Amma prezident Vladimir Putin “KTMT-yə üzv olan ölkələr Ermənistanı niyə dəstəkləmir?” sualına belə cavab verdi ki, müharibə Ermənistan ərazisində getmir. Onun özünün də bildirdiyi kimi, rəsmi Moskva üzərinə düşən öhdəliklərə sadiqdir, amma şərtlər o zaman qüvvəyə minər ki, Ermənistanın ərazi bütövlüyü üçün təhdid yaransın. Hazırda Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, ərazisini müdafiə edir. Biz beynəlxalq hüquqa uyğun olaraq özümüzü müdafiə edə bilərik. Düşmən mülki əhalini, mülki obyektləri hədəf alır. Biz isə hətta, bəzən lazım gələndə onların hərbçilərinə qarşı da humanist davranır, təslim olmalarına imkan veririk.  Azərbaycan tərəfi işğalçıdan fərqli olaraq, müharibə qanunlarına əməl edir-biz öz dövlət sərhəddimizi keçmirik, heç kimin torpağına iddia etmirik. Deməli, Qarabağ vətən müharibəsi ədalətli müharibədir. Məhz bu səbəbdəndir ki, millət arasında çox ciddi ruh yüksəkliyi, həmrəylik var. Təcavüzkar ölkədə isə vəziyyət əksinədir. Onlar əsgərləri qandallayır, döyüşməyə məcbur edirlər.

- Sizcə, Paşinyan “əgər Azərbaycan razıdırsa, güzəştə getməyə hazırıq” bəyənatında səmimidir?

- Danışıqlar barədə dünyaca məşhur KİV dəfələrlə dövlət başçımıza suallar verib. Prezidentimiz isə hər dəfəsində mövqeyimizi çox aydın ortaya qoyub. Danışıqlar yalnız o zaman mümkündür ki, işğalçı bizim ərazilərimizdən çıxsın. Təxribatları hərbi əməliyyatlar zonasından tamamilə uzaq yerlərdə törətməsi düşmənin riyakar siyasətindən xəbər verir. Odur ki, Ermənistan sülh məsələsində də səmimi deyil. İstədikləri sadəcə vaxt qazanmaq, güc toplamaq və beləliklə, status-kvonu qorumaqdır. Həm də baş nazir sülhpərvər bir imic yaratmaq niyyətindədir.

- Sizcə, bu siyasi və hərbi proseslərin nəticəsi necə olacaq?

-Bizim işğal altında olan, uğrunda qan tökdüyümüz torpaqlarımızla genetik bağımız var. Ona görə bu qədər həmrəyik, eyni mövqədən çıxış edirik. Düşmən isə başqasının torpağına göz dikdiyinə görə, məğlubiyyətə məhkumdur. Bunu siyasi hakimiyyət də, vətəndaşlarımız da yaxşı anlayırlar.