ATƏT-in Minsk Qrupu özü-özünü "dəfn" etdi

Azərbaycan ordusu haqq işini görür, həmsədrlərin təşəbbüsünə ehtiyac qalmır

Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində xarici televiziya kanallarına verdiyi müsahibələrdə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən ətraflı bəhs edib. Ölkə rəhbəri həmsədrlərin 30 ilə yaxındır heç nəyə nail olmadığını və Azərbaycan xalqının bu quruma etimad göstərmədiyini bəyan edib. Dövlət başçısı Rusiya televiziyasına müsahibəsində Minsk Qrupunun və həmsədrlərin bugünkü tərkibinin fərqli ola biləcəyini istisna etmədiyini deyib. Prezident vurğulayıb ki, Minsk Qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı və o dövrdə SSRİ yenicə dağılmışdı:

“Səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır.

Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”.

Ölkə rəhbəri açıq şəkildə bəyan edib ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar:

“Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür.

Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaq”. 

Türkiyənin xarici işlər naziri oktyabrın 6-da Bakıya səfəri zamanı bəyan etmişdi ki, Ankara Qarabağ probleminin tənzimləməsi məsələsində Rusiya ilə işləməyə hazırdır. Nazir vurğulamışdı ki, bu məsələnin “kökündən həll olunmasına” ehtiyac var:

“Rusiya Minsk üçlüyündədir, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri var. Bu prosesə Rusiyanın böyük töhfəsinə ehtiyac var. Biz, daha çox töhfə verilməsini istəyirik, Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün bu münaqişənin kökündən həlli çox vacibdir. Ona görə də birgə işləməliyik. Qafqazda fikir ayrılıqlarının aradan qaldırılmasına istənilən beynəlxalq meydanda töhfə verməyə hazırıq”. 

ATƏT Minsk Qrupunun həmsədrləri bütün dünyaya “sülhməramlı cəhdlərin” uğursuzluğunu nümayiş etdiriblər. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makronun son absurd bəyanatlarından sonra ATƏT də, onun Minsk Qrupu da ölkəmizdə ən urvatsız missiya kimi qəbul edilir.

Əslində bu münasibət Azərbaycanın ictimai rəyində uzun illərdir ki, formalaşıb və Azərbaycan vətəndaşları bu illər ərzində ATƏT-in Minsk Qrupuna deyil, Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunması, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin sülh danışıqlarıyla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə etimad bəsləyiblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə isə Azərbaycanda heç vaxt etimad olmayıb. Məsələ ondadır ki, həmsədrlərin 15 bənddən ibarət mandatının yalnız 11-ci bəndində münaqişənin real həllinə müəyyən qədər təsir göstərə biləcək mexanizmlər yer alıb. Ancaq mandatın təsdiqləndiyi 25 il ərzində isə bu bəndin yerinə yetirilməsi istiqamətində heç bir prinsipial addım atılmayıb və hətta buna cəhd də edilməyib. Halbuki, həmsədrlər mandatlarına uyğun olaraq, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı müvafiq qətnamələrin yerinə yetirilməsinin vəziyyəti, işğalçının davranışları ilə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırmalı, münaqişənin həllinə təsir göstərə biləcək yeni qətnamələrin qəbul edilməsi üçün BMT TŞ-yə mülahizə və təkliflərini təqdim etməliydilər. Yəni Minsk Qrupunun həmsədrləri ATƏT tərəfindən onlara verilən mandatdan irəli gələn vəzifələrin icrası ilə məşğul olmayıblar, fəaliyyətsizlik göstəriblər və təbii ki, belə olduğu təqdirdə onların fəaliyyətinə xitam verilməlidir. 

Qeyd edək ki, Minsk Qrupu 1992-ci ilin 24 martında ATƏM-in Minsk Qrupu adı ilə yaradılıb. Sonradan ATƏM-in adı dəyişib ATƏT olub. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. Yeni yaradılan vaxt ilk iki il ərzində Minsk Qrupunda həmsədrlik institutu olmayıb.

Minsk Qrupu adından danışıqları Mario Rafaello həyata keçirib. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. O zaman iki həmsədr olub. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən isə üç həmsədrin olması qərarı verilib. O zamandan prosesə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir. Minsk Qrupuna üç ölkə ilə yanaşı, münaqişə tərəfləri, o cümlədən Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə, Finlandiya daxildir. 

Minsk Qrupunun, xüsusilə də həmsədrlərin əsas vəzifəsi münaqişənin sülh yolu ilə aradan qaldırılmasına kömək etmək olsa da, 30 ilə yaxın müddətdə vasitəçilər problemin həllinə deyil, vəziyyətin daha da gərginləşməsinə səbəb olublar. O baxımdan analitiklər hesab edir ki, yaranmış yeni şəraitdə Türkiyənin həmsədrliyi Minsk Qrupunun tarixə problemin həllində ciddi rol oynayan format kimi düşməsinə gətirib çıxara bilər. 

Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçısı Svante Kornel deyib ki, Minsk Qrupunun fəaliyyəti qərb diplomatiyasının uğursuzluğudur. Dağlıq Qarabağın qədim tarixə malik olduğunu bildirən S.Kornel Ermənistanın həmişə Dağlıq Qarabağa sahib olması istəyini qeyd edib. Bildirib ki, bu münaqişə davam etdikcə Ermənistan özünü regionda təcrid edir. Daha sonra Kornel bu münaqişədə Rusiya və Türkiyənin təsiri barədə fikirlər səsləndirib: “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş kimi görünsə də, kiçik və ya böyük püskürmələr qaçılmazdır. Bu proses danışıqlarla həll olunmayana qədər davam edəcək”. 

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, problemin həllinə töhfə verməli olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti, xüsusən Fransanın fəaliyyəti təəccüb və təəssüf doğurur. Deputat bəyan edib ki, Fransa pezidentinin “biz icazə vermərik ki, Qarabağ yenidən fəth olunsun, biz sona qədər müqavimət göstərəcəyik” bəyanatından sonra özünə hörmət edən dövlət başçısı kimi Fransa həmsədrlikdən istefa verməlidir:

“Bu bəyanatdan sonra Fransa Azərbaycan əleyhinə lobbiçilik etməyə başlayıb. Digər həmsədrlərin də radikal qərarlar qəbul etməsi üçün çalışır, üzv olduğu beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar verdirməyə səy göstərir. Bu, yolverilməzdir. Əgər Fransa prezidenti bunu bir neçə yüz min erməninin səsini almağa görə edirsə, doğru etmir. Çünki fransız xalqı beynəlxalq hüququ, ali dəyərləri mənimsəmiş xalqdır. Əslində Makron bu qərəzli mövqeyi ilə məhz fransız xalqının səsini itirmiş oldu. Düşünürəm ki, bundan sonra bizi diplomatik müstəvidə daha çətin və gərgin danışıqlar prosesi gözləyir. Biz buna hazırlaşmalıyıq və ATƏT-in Minsk Qrupunun yeni həmsədrlərindən biri Türkiyə olmalıdır”. 

Millət vəkili Azər Badamov da “Şərq”ə bildirib ki, Azərbaycan ordusunun cəbhədəki uğurları hər gün artmaqadır. Deputatın sözlərinə görə, işğal altındakı ərazilərin bir qismi azad olunub və tam qələbənin əldə olunması üçün döyüş əməliyyatları plana uyğun davam etdirilir:

“Artıq düşmənin tam dərinliyində yerləşən dayaq məntəqələri dəqiq və sərrast atəşləri ilə məhv edilir. Ermənistan ərazisindən mülki və strateji obyektlərimizin artileriya atəşlərinə tutulmasına baxmayaraq Azərbaycan düşmənin təxribat məqsədlərinə imkan verilməməsi üçün müharibəni ancaq öz ərazisində aparır.

Ordumuz qarşısında aciz duruma düşmüş Paşinyan dünya liderlərinə yalvarır və hücumun dayandırılması üçün imdad diləyir. Çox təəssüf ki, Fransanın Prezidenti Makron öz ermənipərəstliyini ortaya qoyaraq əsassız iddialarla hərbi əməliyyatlarımızı dayandırmağımızı və yenidən danışıqlar masasına qayıtmağımızı tələb edir.

Makronun cavabını Prezident İlham Əliyev verib və ona onun çağırışlarının əsassız olduğunu bildirib. Minsk Qrupunun həmsədrləri də bu illər ərzində münaqişənin həll edilməsində mənasız bir qurum olduğunu sübut etdi. İndiki halda Minsk Qrupunun təkliflərlə çıxış etməsi yenidən münaqişənin dondurulması istəkləri kimi görünür. Minsk Qrupunun həmsədrlərinin tərkibində ciddi dəyişiklik edilməsi və Fransanın yerinə Türkiyənin iştirakı məsələsini tələb etməliyik.

İkincisi isə Azərbaycan ordusu öz haqq işini görür və burada Minsk Qrupunun fəaliyyətinə və təşəbbüslərinə ehtiyac qalmır. Biz böyük qələbənin bir addımındayıq. Bizim onların köməyinə ehtiyacımız yoxdur. Qoy mane olmasınlar. Danışıqlar yolu ilə münaqişənin tənzimlənməsinin yeganə yolu var. Onu da Prezidentimiz aydın şəkildə bəyan edib. İşğalçı qüvvələr torpaqlarımızı tərk etməli və tərk etmə qrafikini tərtib edərək bizə təqdim etməlidirlər.

Belə olan halda biz əks-hücum əməliyyatlarını dayandıra bilərik. Son məqsəd isə münaqişənin yenidən illərlə həll olunmamış qalmasına yox, qısa bir zaman intervalında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət etməlidir”.