"Təki Silahlı Qüvvələrimiz hücuma keçsin..."

Rey Kərimoğlu: "Bədənimizin sağ qalan hissələrini də Vətənə qurban verməyə hazırıq"

"Görmək lazımdır; 18-19 yaşlı əsgərlərin gözündən od yağır"

"Düşmən üzərində psixoloji qələbə qazanılıb artıq. Əsgərlər, zabitlər elə qəhrəmanlıqlar göstərir ki, dünya hərb tarixinə düşəcək"

Qazilər batalyonu ön cəbhədədir. Qarabağ savaşının qəhrəmanları bu gün də döyüşən ordunun tərkibində torpaqlarımızın işğaldan azad olunmasında iştirak edir. Cəbhədəki vəziyyətlə bağlı Qarabağ qazisi, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, hərbi jurnalist Rey Kərimoğlundan məlumat almağa çalışdıq. R.Kərimoğlu müharibə şəraiti nəzərə alınmaqla informasiya verməkdə bu dəfə adətinin əksinə “xəsislik” etdi. Yenə də əsgərlərimizin döyüş hazırlıqları, ordumuzun ümumi vəziyyəti barədə ondan az-çox məlumat ala bildik: 

- Bunu söyləməyə bəlkə də ehtiyac yoxdu, bütün ölkə bilir ki, biz qazilər Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejimi elan olunandan və ondan sonrakı danışıqlar prosesinin aparıldığı bütün ötən illər ərzində Ali Baş Komandanın “irəli” əmrini gözləmişik, bunu istəmişik və tələb etmişik. Ki, torpaqlarımızı işğaldan azad edək, biz qazilər yarımcan olsaq da, bədənlərimizin – kimisi az, kimisi çox - müəyyən hissəsini torpağa gömmüş olsaq da, döyüşməyə hər an hazırıq. Təki Azərbaycan Silahlı Qüvvələri hücuma keçsin, biz də işğala son qoymaq üçün döyüşən ordunun tərkibində son damla qanımızadək vuruşaq, bədənimizin sağ qalan hissələrini də Vətənə qurban edək. Onsuz da biz Vətən torpağına qarışmış insanlarıq. Qaziyik, indi də şəhid olaq. Şəhid qardaşlarımızla bir sırada dayanaq. Şükür ki, bu günü görmək qismət oldu. Ötən dəfə xəbər vermişdik ki, Baş Qazi Etimad Əsədov adına “Qisasçı Qazilər” Batalyonu yaradılıb.

Qazilər Birliyinin bütün rayon şöbələrindən yüzlərlə qazimiz batalyona üzv yazılıb və ön cəbhədə əsgərlərimizlə birgə döyüşməyə hazırdılar. Batalyonu yaratmaqda bir məqsədimiz Vətən torpağının düşməndən azad edilməsində iştirakdırsa, digər məqsədimiz dünyadan niskilli köçmüş qazi qardaşlarımızın əvəzinə də döyüşməkdir.

Biz Baş Qazimizi itirdik, torpaqların azadlığını görmədən dünyadan köçən qazi qardaşlarımız çox oldu. Onların da əvəzindən döyüşməliyik, onların qanı yerdə qalmamalıdı. Onların arzularını da çin etməliyik. İşğal altındakı şəhərlərimiz, kəndlərimiz, qəsəbələr bir-bir azad edildikcə, “bu sənin kəndindir, Oruc”, deyəcəyik, bir başqa kənd üçün “bu, sənin kəndindi Etimad”, “bu sənin kəndindi Rəfail”, deyəcəyik, ruhunuz şad olsun... 

- Hazırda hardasınız? 

- Açıq söyləyə bilmərəm. Batalyon üzvləri qrup halında hərbi hissələrə gedir. Füzuli, Ağdam istiqamətində döyüşlərdə iştirak edənlərimiz var. 2 qazimiz yaralanıb (yəni, yara üstündən yara alıblar). 

- Məlumdur ki, hər kəsi də döyüşən orduya qəbul etmirlər. Könüllülərin səfərbərlik xidmətinə axın etdiyini, ayrı-ayrı bölgələrdən, şəhərlərdən könüllülərin cəbhədə döyüşmək üçün ön xəttədək getdiklərini siz bizdən də yaxşı bilirsiniz. Amma sizi qəbul ediblər... 

- Qazilər Tovuz hadisələri zamanı cənab Prezidentə - Ali Baş Komandana müraciət etmişdik ki, bizi xidmətə çağırın. Döyüşə hazırıq. Qismət indi imiş. Burda döyüş təcrübəsinin böyük əhəmiyyəti var. Keçmiş döyüşçülərdən ibarət qrup yaradılıb və bu qrup ön cəbhədə hazırlıq prosesinə cəlb edilir. Hərbi hissələrdə əsgərlərlə söhbət aparılır, bildiklərimizi, təcrübəmizi bölüşürük. Cəbhənin cənub istiqamətindəki qrupa Qazilər Birliyinin sədri Asəf Əliyev rəhbərlik edir.

Qrupun üzvlərinin sayını, adları açıqlamaq istəmirəm. Hamısı keçmiş döyüşçülər, qazilərdi. Kəşfiyyatçısı var, tankçısı, snayperi, “sapyor”u var... Qazilərimizin övladları bu gün döyüşür, atalarının yoluyla, iziylə gedirlər. İlham Tumas – qazi, jurnalist ön cəbhədədi, döyüşür... Batalyonumuz yaranandan telefonlarımız susmur. Ləzgi, talış, avar... bütün qazi qardaşlarımız zəng edirlər ki, bizi də batalyona qəbul edin, döyüşmək istəyirik. Döyüşə hazırıq.   

- Ümumi ab-havanı soruşmağa ehtiyac var? 

- O mənada ehtiyac var ki, qoy xalqımız, arxa cəbhədəkilər bilsin ki, Azərbaycan əsgəri bu gün bəlkə də heç vaxt olmadığı qədər ruh yüksəkliyinə, əminliyə, qələbəyə inama sahibdi. Görmək lazımdı; 18-19 yaşlı əsgərlərin gözündən od yağır. Elə böyük ruh yüksəkliyi var ki, Azərbaycan hərb tarixində belə hal olmayıb. Düşmən üzərində psixoloji qələbə qazanılıb artıq. Əsgərlər, zabitlər elə qəhrəmanlıqlar göstərir ki, dünya hərb tarixinə düşəcək. Bizdən 1 əsgər şəhid olursa, düşmən tərəf 10, 20 itki verir. 1 lazımdırsa, 10 qat canlı qüvvəmiz var. 

- Rey, siz həm də cəbhə xəttinə yaxın kəndlərdə də olursunuz. Kəndlərdə vəziyyət necədi? Əhalinin durumu baxımından? 

- Əhali evlərini qətiyyən tərk etmək istəmir. Bəzən vəziyyətlə əlaqədar təxliyə olunmaq zərurəti yaranır, amma əhali istəmir, çıxmır kənddən, evlərindən, deyirlər, heç yerə gedən deyilik. Əsgərlərimizin yanındayıq. Nə qədər sovqat gətirirlər, əsgərlərə, orduya. Sözlə ifadə etmək mümkün deyil. Yemək bişirib gətirirlər, biz də onları başa salmağa çalışırıq ki, olmaz, təhlükəsizlik baxımından icazə yoxdu.
 
- Onları da anlamaq mümkündü. Hamı nəyləsə orduya kömək etmək istəyir, buna ehtiyac olmasa belə. 

- Elədi. Minlərlə, yüz minlərlə insan axışır, yardımlar, sovqatlar gətirirlər. Amma təhlükəsizlik məsələsi var. Hərə evində yemək bişirib gətirsə, hərə əlinə nəsə alıb ön xəttə axışsa, qarışıqlıq yaranar. Azərbaycan əsgərinin təminatı 100 faizlidi. Azərbaycan ordusu bu gün ən yüksək səviyyədə təmin edilib, hərtərəfli. İstər döyüş texnikası, silah-sursat baxımından, istər qida təminatı baxımından. Azərbaycandan kənarda yaşayan soydaşlarımız da orduya sovqat göndərir. Bu gün (dünən) biz qazilər Rusiyada yaşayan dostumuz, iş adamı Nofəl Həsənovun göndərdiyi yardımı hərbi hissəyə çatdırdıq. Əsgərlərin gündəlik istifadəsi üçün nəzərdə tutulan əşyalardı. Onları Ağdamdakı qərargaha təqdim etdik. 

- 1992-94-cü illərdəki ordumuzla hazırkı ordunun ən başlıca fərqi nədədi? 

- Təminat və komplektləşmə məsələlərində. Ordumuz tam tərkibdə tam təmin olunmuş halda irəliləyir. 

- Dediniz ki, Ağdam istiqamətindəsiniz. Ürəyinizdən keçir ki, kəndimizə tez çatım... 

- İnşallah, çatacağıq. Papravəndə, Şıxbabalıya, Abdala, Muğanlıya, Mərziliyə... Ordumuz o qədər qətiyyətlə irəliləyir ki, şübhəm yoxdu. İnanıram. 
İstəyirdim yenə sual verim, Rey Kərimoğlu tələsdi: “Daha danışa bilmirəm. Vaxt azdı...”. 
Təki Qələbə gününə qalan saatlar, dəqiqələr azalsın.