"Gözüm Zəngilanı axtarır"

Xanəndə yurd intizarını "Şərq"lə bölüşdü

Müzəffər ordumuz  torpaqlarımızın işğaldan azad olunması yolunda  apardığı haqlı savaşını qələbə sevincini yaşayırıq. Düşmən nəinki təxribata əl atmağın ağır bədəlini ödəyir, həm də torpaqlarımız azad olunur. Qısa müddət ərzində Cəbrayıl şəhərinə, Füzuli rayonun bir sıra kəndlərinə, Murovdağa, Suqovuşana, Hadrut qəsəbəsi və səkkiz kəndimizə bayrağımız sancılıb. 

90-cı illərdə öz ata-baba yurdlarından didərgin düşən məcburi köçkünlərin sevinci isə bir başqa gözəldir. 

 Sevilən xanəndə Almaz Orucova da el-obasından ayrı düşən həmvətənlərimizdəndir. Əslən Zəngilandan olan sənətkar “Sherg.az”la dərdləşərkən torpaq həsrətindən danışıb. Almaz xanım, hazırda tarixi günlərdən keçdiyimizi söyləyərək 30 ilə yaxındır işğalda olan ərazilərin xiffətini çəkdiyimizi sözlərinə əlavə edib:

“Uşaqdan böyüyə hər kəs bu günləri gözləyirdi. O illərdən indiyə qədər xeyli sayda şəhid verdik. Günahsız körpələrimiz, qocalarımız həlak oldu. Amma bu savaş tarixi torpaqlarımız uğrunda gedir. Düşmənin torpağında vuruşmuruq. Ancaq öz əzəli, əbədi ərazilərimizi istəyirik. Ordumuzla, Ali Baş Komandanla qürur duyuram.

Xalq, ordu və dövlət başçısının birliyi qələbəmizin yaxında olduğunu göstərir. İndi millətdə böyük ruh yüksəkliyi var. Bu da cənab Prezidentin qətiyyətindən irəli gəlir. Onun müraciətləri, çıxışları uşaqdan böyüyə hər kəsdə vətən sevgisi yaradır. Biz onunla qürur duyuruq, elə bilirik ki, arxamızda dağ dayanıb. Bir də şəhidlərimizə rəhmət diləyirəm. Allah ailələrinə səbr versin.”

Sonda Almaz xanım qəhərlənərək yurd intizarını dilə gətirib:

“Azərbaycanımız vahiddir, birdir. Məni düzgün başa düşün, bölgələrə ayırmıram. Amma gözüm Zəngilanı axtarır. Tezliklə Zəngilanımız işğaldan azad olsun. Alınan torpaqlarımızın şəkillərinə baxanda Zəngilanı görürəm. Çox sevinclə, həsrətlə gözləyirəm. Hər səhər duranda elə bilirəm Zəngilandan xoş xəbər gələcək.”