Bütün dünya görür !- “Azərbaycan humanist ölkədir, beynəlxalq hüquqa hörmətlə yanaşır”

Bu günlərdə Prezident İlham Əliyev Dağlıq Qarabağ müharibəsi ilə bağlı müxtəlif televiziya kanallarına verdiyi müsahibəsində mühüm məqamlara toxunub. Ölkə başçsı düşmənin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğunu diqqətə çatdırıb.
Prezident “Euronews” televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistan silahları pulsuz əldə edir. Azərbaycan isə silahlara görə pul ödəyir:

“Bizim muzdlulara ehtiyacımız yoxdur. Azərbaycan Ordusu güclü ordudur, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanlar, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələr nəzərə alınmasa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçü var. Bu günə kimi bütün foto və video görüntülərdə Azərbaycanın artilleriyasının, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Azərbaycan tərəfindən muzdluların döyüşdüyünü  təsdiq edən heç bir fakt yoxdur. Buna görə də bu ittihamlar əsassızdır, və beynəlxalq  ictimai rəylə manipulyasiya məqsədi daşıyır”.

 

İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az” açıqlamasında bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz edilib. Professor qeyd edib ki, Azərbaycanın hazırlıqlı və peşəkar ordusu var:

 
“Ölkə başçısı bütün çıxışlarında vurğulayır ki, heç kəs Dağlıq Qarabağ münaqişəsinə qarışmasın, biz məsələni Ermənistanla təkbətək həll edəcəyik. İndi həmin məqamdır. Düzdür, bizə təzyiqlər göstərib ittihamlar irəli sürürlər, hətta böhtan atırlar. Lakin bu yalanların hamısı üzə çıxır.

Bir məsələni xüsusilə demək istəyirəm ki, biz müraciət edəndə azərbaycanlı vətəndaşlar deyirik. Yəni Qarabağda yaşayan erməniləri öz vətəndaşımız sayırıq. Konstitutsiya ilə onlara imkan yaradılacağını, onların Qarabağda yaşayacağını vurğulayırıq. Bütün dünya da görür ki, Azərbaycan dövləti və başçısı humanistdir və beynəlxalq hüquqa hörmətlə yanaşır”.

 R.Quliyev söyləyib ki, düşmənin torpaqlarımızı tərk etməməsi bir yana, bəzi bölgələrimizi atəşə tuturlar:

 “Qarabağda gedən döyüşlər çərçivəsində, legitim formada düşmənin cavabını verməliyik.  Ordumuz Ermənistanın torpağında deyil, öz torpağındadır”.