Almaniya və Fransa haqqı nahaqqa qurban verir ! - “Humanizmdən dəm vursalar da...”

“...Regionda sabitliyin təmin olunmasında maraqlı deyillər”

“Bir çox dövlətlər beynəlxalq hüquqdan danışsalar da, bunu əməldə göstərmirlər”

"Fransa, Almaniya rəsmi Ankaranın söz sahibinə çevrilməsindən qorxduqlarına görə, prosesə ona mane olmağa çalışır”

İkinci Dağlıq Qarabağ müharibəsi artıq beynəlxalq miqyasda müzakirə olunur. Müxtəlif dünya dövlətləri məsələyə fərqli səviyyələrdə münasibət bildirirlər.

Bəziləri Azərbaycanın haqq səsini eşidir, bəziləri isə işğalçını dəstəkləyir. Fransa və Almaniya ikinci kateqoriyaya aid ölkələr sırasında ilk pillələrdədir. Maraqlıdır niyə onlar göz görə-görə haqqı nahaqqa qurban verirlər? Məqsədləri, gözləntiləri nələrdir?



BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov həmin dövlətlərin Dağlıq Qarabağ məsələsinə münasibətlərini “Sherg.az”a şərh etdi: 

“Fransa, Almaniya Dağlıq Qarabağ məsələsi ilə bağlı müxtəlif, bir-birinə zidd bəyanatlar verirlər. Onlar Azərbaycanın haqlı mövqeyini ya anlamır, ya da anlamaq istəmirlər. Nəzərə almaq lazımdır ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri, Almaniya bu qurumun üzvüdür.

Əslində hər ikisi danışıqların mümkünsüzlüyünü görür.

Çünki Ermənistan otuz il ərzində heç vaxt  konstruktiv mövqe sərgiləməyib. Üstəgəl, son iki ildə daha aqressiv ritorika ilə çıxış edir.  Bunu görə-görə həmin ölkələrin səsləndirdikləri bəyanatlar qəbuledilməzdir”.

S. Zahidov, həmçinin sözügedən mövqeyin səbəblərini də açıqladı:

 “Birincisi, həmin ölkə rəhbərlərinin özlərinin sülh tərəfdarı kimi göstərmələri daxili auditoriyaya hesablanıb. Yerli cəmiyyət məsələyə dərindən bələd olmadığına görə, belə dövlət başçısını daha çox sevir. İkincisi, xüsusilə Fransada erməni icması üstünlük təşkil edir. Erməni diasporu idarəçilikdə güclü təsir mexanizminə malikdir.

Emanüel Makron da bunu düşünürək konkret bəyanatlarla çıxış edir. Halbuki Almaniya kimi, Fransa da sülhdən, humanizmdən dəm vursalar da, regionda sabitliyin təmin olunmasında maraqlı deyillər.

Beynəlxalq münasibətlər nəzəriyyəsində də göstərildiyi kimi, böyük dövlətlərin real niyyətləri normativ niyyətləri ilə heç vaxt üst-üstə düşmür. Bir çox dövlətlər beynəlxalq hüquqdan danışsalar da, bunu əməldə göstərmirlər. Məsələn ABŞ-ın 2003-cü ildə İraqı işğalı bunun bariz nümunəsidir. Demokratiyadan “dəm vurmağına” rəğmən, xaos, anarxiya gətirdi.

Növbəti bir məqam isə Türkiyə faktorudur. Belə ki, qardaş ölkənin Azərbaycana mənəvi dəstəyi Avropanı narahat edir. Fransa, Almaniya rəsmi Ankaranın söz sahibinə çevrilməsindən qorxduqlarına görə, ona mane olmağa çalışır. Xatırladım ki, Türkiyənin Avropa Birliyinə gedən yolda qarşısını kəsən də məhz onlardır”.