Moskvanın atəşkəs blefi !- “Erməniləri darmadağın olmaqdan qurtardı...”


“Atəşkəs sonradan torpaqların işğaldan azad edilməsinə əngəldir”

“Bunu başa düşmək üçün heç də hərbi biliklərdən mükəmməl agah olmaq lazım deyil”

“Bu fasilə ermənilərə təbliğat kampaniyasını genişləndirməkdə vasitə ola bilər”


Oktyabrın 9-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirildi. Gərgin keçən danışıqların sonunda tərəflər arasında humanitar xarakterli danışıq əldə olunsa da, rəsmi İrəvan ilk saatlardan etibarən, necə deyərlər, cığallıq etməyə başladı. Gəncənin vurulması, ikinci ən böyük şəhərimizdəki mülki əhalinin atəşə tutulması işğalçının xislətini bir daha ortaya qoydu. İnsanın yanında qeyri-iradi olaraq 2001-ci il 11 sentyabr terroru düşür. Qoşa qüllənin partladılması da, Gəncədəki mülki əhaliyə raket atılması terrorçuluğun, barbarlığın ən bariz nümunəsidir. Bundan o tərəfi yoxdur.

İndi bizi maraqlandıran Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva şəhərindəki üçtərəfli görüşüdür. Belə ki, danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs elan edildi.  Yəni budəfəki hərbi əməliyyatların taleyi 2016-cı ildəki Aprel, bir neçə ay əvvəlki Tovuz döyüşləri kimi olacaq? Kremlin səssizliyi elə bura qədər idi?


Prosesləri “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov hesab edir ki, indiki məqamda atəşkəsin elan olunması düşmənin xeyrinədir: 

“Fikrimcə, Rusiya Prezidenti erməni diasporu və həyasız  Paşinyanın  ardı-arası kəsilməyən telefon zəngləri qarşısında hərəkətə keçməyə başlayıb. Bu fəaliyyət  2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin iyun döyüşləri zamanı nümayiş etdirilən aktivlikdən tamamilə fərqlənir.

Bu gün o Azərbaycan-Ermənistan arasında münaqişənin qarşısının alınmasında və onun genişmiqyaslı müharibəyə çevrilməsində  əvvəlki qədər maraqlı görünmür ki, bunun da köklü səbəbləri var.


Görüşün atəşkəsə nail olmaq üçün təşkil olunduğu deyilirdi. Amma atəşkəs hər iki döyüşən tərəfin razılığı ilə həyata keçirilməlidir. İndiki halda isə Azərbaycan Prezidentinin dəfələrlə elan etdiyi kimi, atəşkəs yalnız  işğalçı ölkə ordusunun Azərbaycandan çıxarılmasından sonra mümkündür.

Digər tərəfdən atəşkəs iştirakçılar  müharibədən yorulub iqtisadi və insani resursları baxımdan zəiflədiyi zaman hər iki tərəfin təşəbbüsü ilə həyata keçirilir.

İndiki halda isə Ermənistanın qeyd etdiyimiz vəziyyətə düşməsinə baxmayaraq, Azərbaycan malik olduğu hərbi resursların heç  10 faizini də istifadə etməyib. Belə olan halda niyə atəşkəs danışıqlarına gedilməlidir?

Digər tərəfdən atəşkəsin sonradan torpaqların işğaldan azad edilməsinə mane ola biləcəyini başa düşmək üçün heç də hərbi biliklərdən mükəmməl agah olmaq lazım deyil.

Atəşkəs erməni qüvvələrinə tam darmadağın olmaqdan qurtarmaqda kömək edə, onlara təbliğat kampaniyasını genişləndirməkdə vasitə ola bilər. Elə isə maraqlı bir sual yaranır: Azərbaycan  Moskvanın danışıqlar barədə təklifini qəbul etməklə nə məqsədi güdür?

Təbii ki, Azərbaycan 30 il ərzində sülh danışıqlarına sadiq qaldığını nümayiş etdirib və müharibənin qızğın vaxtında da bu prinsipləri rəhbər tutduğunu bildirmək istəyir. Digər tərəfdən müharibə başlayandan bəri Rusiya xarici işlər naziri Sergey Lavrovla ilk dəfə söhbət etmək, onun ritorikasının dəyişməsinin canlı şahidi olmaq Azərbaycan tərəfi üçün çox maraqlı idi”.