Rusiyanın “sülhməramlı manipulyasiyası”: “Bu, Dağlıq Qarabağın itirilməsi deməkdir” 

“Ermənistan Azərbaycana təklif edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilsin”

“Beləliklə, rəsmi Moskva təkcə münaqişə üzərində söz sahibi olmur, eyni zamanda əsgəri güc kimi bölgədə təmsil edilir”

“Biz Kremlin sülhməramlı fəaliyyətini indiyədək Gürcüstanda, Suriyada görmüşük. Sakitlik adı altında separatizm yaradılıb”


Dağlıq Qarabağ müharibəsi ilə bağlı Rusiya tərəfinin on günlük səssizliyi hər kəsi təəccübləndirirdi. Bu, sən demə, fırtına öncəsi səssizlik imiş. Oktyabın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşün nəticəsində tərəflər arasında atəşkəs elan olunsa da, rəsmi İrəvan nəinki buna əməl etmədi, hətta növbəti vandallıq törətdi- Gəncəni atəşə tutdu. Elə isə görüşün keçirilməsində məqsəd idi? Baş verən hadisələri indiyədək kənardan izləyən, sadəcə müşahidəçi rolunu oynayan Kremlin planı nədir? 


Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətini rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a Rusiyanın məqsədlərini açıqladı: 

“Birincisi, danılmaz faktdır ki, rəsmi Moskva Paşinyanı cəzalandırmaq istəyir. Bununla belə, həm də Ermənistanı nəzarətindən çıxarmaq fikri yoxdur. Azərbaycanı özündən incik salmaq da onun üçün arzuolunan deyil. Həmçinin Kreml Türkiyənin və Paşinyanın arxasında dayanan Sorosun Qafqaza girməsinə mane olmaq istəyir”.

Ə.Əlibəyli sözügedən görüşün nəticəsinin fonunda bundan sonra baş verə biləcək məqamlara da toxunub: 

“Danışıqlar prosesinin xeyli hissəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana təzyiqi ilə davam etdi. Ermənistan Azərbaycana təklif edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilsin. Beləliklə, rəsmi Moskva təkcə münaqişə üzərində söz sahibi olmur, eyni zamanda əsgəri güc kimi bölgədə təmsil edilir.

Bu isə münaqişənin həllinə çətinlik yaradır. Biz Kremlin sülhməramlı fəaliyyətini indiyədək Gürcüstanda, Suriyada görmüşük. Sakitlik adı altında separatizm yaradılıb.

Rusiya eyni prosesi Azərbaycanda da təkrarlamaq istəyir. Elə bu məqsədlə də bir müddət məsələyə göz yumdu, ardınca müdaxilə elədi. Lakin beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Bizim isə Rusiyanın sülhməramlılarla bağlı hansısa qərarını təsdiqləməyimiz mümkün deyil. Sülhməramlıların bölgəyə yerləşdirilməsi ehtimal edilmədiyinə görə, Türkiyənin Azərbaycanda hərbi baza yaratması da qeyri- mümkündür.

Odur ki, Rusiyanın müharibəyə rəsmi müdaxiləsinə icazə vermək olmaz. Bu, Dağlıq Qarabağın tamamilə itirilməsi deməkdir”.