Bu ölkələrin malları boykot edilsin ! - “Deputatların tezislərinə etinasız yanaşmayaq!”

İkinci Dağlıq Qarabağ müharibəsi başladığı andan etibarən müxtəlif icimai şəxslər məsələyə münasibət bildirən dövlətlərlə bağlı təkliflər irəli sürüblər. Xüsusilə bildirilir ki, iqtisadi əlaqələr daha çox bizi dəstəkləyən ölkələrlə qurulsun. Əleyhimizə bəyanat səsləndirənlər isə iqtisadi cəhətdən boykot edilsin. Bu ölkələr sırasında Rusiya, Fransa, İran və Çinin adı ön sırada çəkilir. Ona görə ki mediada adıçəkilən ölkələrin Ermənistana yardımına dair müəyyən məlumatlar yer alıb. Bu barədə millət vəkilləri Qənirə Paşayeva, Vüqar Bayramov təkliflər səsləndiriblər.

Təklifləri “Sherg.az”a şərh edən iqtisadçı millət vəkili Vahid Əhmədov qeyd edib ki, əslində indiki məqamda məsələnin həssaslığını hər bir vətəndaş başa düşməlidir:
“Cənab prezidentin də dediyi kimi, biz bu müharibə sayəsində dostun, düşmənin kim olduğunu müəyyənləşdirdik. Odur ki, hər kəs, o cümlədən vəzifəli şəxslər diqqətli, məsuliyyətli olmalıdırlar. Amma ticarət əlaqələri  elə məsələdir ki, tam qapanmaq da bəzən mənfi effekt verə bilər. Yalnız bir ölkədə olan və ya bir ölkədən daha əlverişli əldə edə biləcəyimiz məhsullar var. Buna baxmayaraq, həmkarlarımın səsləndirdiyi tezislərə qarşı etinasız yanaşmamalıyıq”.