Gəncə vandalizmi dünya mediasında: “Fransız jurnalist deyirdi ki, bu vəhşilikdir”

Oktyabrın 11-i gecə saatlarında Ermənistanın haqq qazandırılması mümkün olmayan növbəti vəhşi cinayətinin şahidi olduq. Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 9 mülki şəxs həlak olub, aralarında azyaşlılar olmaqla 35 şəxs yaralanıb. Xalqımıza qarşı törədilən bu vəhşiliklər ermənilərin barbar xislətini bir daha sübut edir.

Belə məqamda qarşımızda duran önəmli vəzifələrdən biri də düşmənin törətdiyi cinayətlərin beynəlxalq aləmə çatdırılmasıdır.

Xaricidilli media qurumları yenə hadisə yerindədir. Onlar erməni terrorunun dünya ictimaiyyətinə çatdırılması istiqamətində reportajlarını davam etdirirlər. Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncədədirlər. Onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib. 

Düşmənin Gəncədə törətdiyi cinayətin dünya ölkələrinə çatdırılması ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən “1news.az” ın baş redaktoru Rəhman Hacıyev bildirib ki, Gəncədəki hadisə bir dövlətin digərinə qarşı yerinə yetirdiyi cinayət əməlidir. Bu cinayət isə hansısa terorrodan daha pisdir. Onun sözlərinə görə, hazırda Azərbaycanda dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərirlər:

“Heç bir qadağa qoyulmadan mümkün qədər çox jurnalist ölkəyə buraxılır. Rusiya və Avropa ölkələrindən, Amerikadan olan jurnalistlər belə Azərbaycandadırlar. Onlar münaqişə baş verən yerlərə gedə bilirlər. Bildiyim qədəri ilə dünəndən etibarən rus və müəyyən xarici media nümayəndələri Gəncədə idi.

Müxtəlif xarici televiziya kanallarında informasiyalar yayınlanır. Sözsüz ki, bəzən məlumatlar istədiyimiz kimi yox, fərqli şəkildə təqdim olunur. Lakin bu vəhşiliyi dünyaya çatdırmağın ən yaxşı yolu həmin jurnalistlərə imkan yaratmaqdır. Onlar öz gözləri ilə bu cinayətləri görməlidir.

Fransanın “France24” kanalında çalışan jurnalistinin bir reportajına baxdım. Fransanın bu münaqişədə Ermənistana dəstək verməsinə rəğmən fransalı jurnalist açıq-aşkar deyirdi ki, Gəncədə baş verənlər inanılmaz bir vəhşilikdir”.

 
Baş redaktor qeyd edib ki, siyasətçilərimiz və media nümayəndələrimiz Gəncədəki vandalizmin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirlər:

“Müxtəlif sosial şəbəkələrdə yetərincə məlumatlar paylaşılır. Hesab edirəm ki, Gəncə hadisələri barədə müəyyən məlumatlar artıq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Sözsüz ki, Amerika mediasında da daha dolğun məlumatı arzu edə bilərdik. Amma başa düşməliyik ki, Amerikanın öz siyasi gündəmi var. Orada seçkilərə hazırlaşırlar. Demək olar ki, digər məsələlər, hətta başqa ölkələrdəki müharibələr onlar üçün ikinci dərəcəlidir. Ümumilikdə isə dünya mediasında Gəncə hadisələri, Ermənistan hərbi və siyasi rəhbərliyinin cinayəti barədə dolğun məlumatlar paylaşılır. Bu işdə media işçilərimiz, siyasətçilərimiz, vətəndaşlarımız fəal iştirak edirlər”.