Paşinyan öz ampulasındadır ! - Bu dəfə də Gürcüstana ərazi iddiası ilə çıxış edib – Avantüra !

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb. Paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın deyil, Ermənistanın ərazisi sayırlar. 

N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.



Bununla bir daha sübut olunur ki, Ermənistan rəhbərliyi qonşu ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət etmir, Düşmənin qonşu Gürcüstana da ərazi iddiası var. Ermənistan bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır. Düşmənin Gürcüstana olan ərazi iddialarını “Sherg.az”a dəyərləndirən “Borçalı” Cəmiyyətinin sədri  Zəlimxan Məmmədli bildirib ki, bu məsələ erməni milli mərkəzinin artıq 200 ilə yaxın bir dövrdə apardığı strategiyadır. Cəmiyyət sədrinin sözlərinə görə, Gürcüstan da Azərbaycan kimi Ermənistan xülyasının içindədir:

“Naxçıvanla Azərbaycan arasında blokada, o cümlədən Axıskadan axıska türklərinin köçürülməsi və onların yerinə ermənilərin daxil olması, həmçinin Dağlıq Qarabağ problemi bu strategiyaya daxildir. 30 ildir, atəşkəsin elan edilməsi və ATƏT-in Minsk Qrupunun boş bəyanatları sayəsində bzi də bu strategiyaya xidmət etmişik.

Milli ruhu zədələmək olmaz, düşmənə dirəniş göstərmək üçün müttəfiqlər tapmalıyıq. Əslində müttəfiq özü gəlib Azərbaycanın qapısını döyür.

Türkiyə Azərbaycana deyir ki, “mənə nə desən, onu da edəcəm”. Türkiyə açıq formada bildirir ki, hər zaman Azərbaycanın yanındadır. Bu, o deməkdir ki, Türkiyə ordusu Dağlıq Qarabağa yerləşdirilməlidir”.

Z.Məmmədli qeyd edib ki, Azərbaycanın beynəlxalq miqyasda ən böyük işi Prezidentin nəzarətində olan informasiya mərkəzinin formalaşmasıdır:

“Bu informasiya mərkəzi Azərbaycanın haqq səsini bütün dünya dillərində beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Etimadlı və ayrı-ayrı dilləri bilən mütəxəssislər bu mərkəzi idarə etməlidir. Erməni yalanları bütün dünya ölkələrinə çatdırılmalı və düşmən ifşa edilməlidir”.