Müqəddəs dəyərdən pul qazanmaq olmaz

Bayraqlar maya dəyərindən baha satılmamalıdır


"Azərbaycan bayrağı tarixin müxtəlif sınaqlarına baxmayaraq, dövlətimizi dünyaya tanıdan rəmzlərdən biridir. Və hər bir vətəndaşın öz dövlətinin bayrağını, atributunu sevmək, onlara hörmətlə yanaşmaq  borcudur. Üç rəngli bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı, həm də bizim milli qürurumuz, milli kimliyimizdir. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir". 

Bu sözləri "Şərq"ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, bir daha diqqətə çatdırıb ki, bayrağı bayraq edən onun üzərindəki şəhid qanıdır:

"Bu gün cəbhəyanı bölgələrimizdə işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün qızğın döyüşlər gedir. Artıq 15 gündür ki, igidlərimiz, mərd oğullarımız öz qanları, canları bahasına bir çox torpaqlarımızı erməni daşnaklarından azad edib və şanlı üçrəngli bayrağımızın həmin torpaqlarımızda dalğalandırılmasına müvəffəq olublar.

Döyüşlər ərzində xalqımızın bayraqlar tikərək onları vətəndaşlarımıza pulsuz payladığının da şahidi olduq. Lakin belə bir həssas məqamda bəzi şəxslərin bayraqların qiymətində artım etdiklərini də gördük.


Dövlət bayrağımıza hamımız müqəddəs dəyər kimi baxırıq. Onları satanlar da, ondan pul qazanmağa çalışanlar da bu gün maddiyyatı düşünməməlidirlər. Əksinə, ona olan sevginin daha da artmasına bir az da şərait yaratmalıdırlar. İndiki məqamda onu satan, heç olmasa, maya dəyərində versin.

Çünki bu məsələ hər birimiz üçün çox vacibdir. İstərdik ki, bayrağı həm satanlar, həm də onu istehsal edənlər məsələnin bu hissəsinə xüsusi diqqət yetirsinlər. Əgər iş adamları kütləvi şəkildə bayraq istehsalını özlərinə borc bilsələr, hesab edirəm ki, o zaman bu, qiymətlərə də öz təsirini göstərəcək".