Aygün Səmədova boş oturmur

"Qələbə marşının üzərində işləyirəm"

Son günlər  müzəffər ordumuzun zəfərləri incəsənət sahəsindən də təsirsiz ötüşməyib. Artıq ifaçılar, bəstəkarlar öz repertuarlarında döyüş ruhunda, vətənpərvərlik mövzusunda olan mahnılara xüsusi yer verirlər. 
“Sherg.az”la həmsöhbət olan tanınmış bəstəkar, xalq artisti Aygün Səmədzadə də yaradıcılığında vətənpərvərlik mövzusuna çox önəm verdiyini, daim milli ruhlu nəğmələr  yazdığını söyləyib:

“Məsələn “Can Azərbaycan”, “Diaspor marşı” kimi bəstələrim var. “Diaspor marşı” Ukraynada yaşayan azərbaycanlıların təşəbbüsü ilə ərsəyə gəlib. Hazırda isə qələbə marşının üzərində işləyirəm. 

Yəqin ki, həmkarlarım da belə edir. Bundan əlavə yaradıcılğımda “Elin bayrağı”, “Şəhidlərə”, “İstiqlal” əsərlərinə rast gələ bilərsiniz.

Azərbaycanla bağlı yazdığım çox mahnı var ki, onları Aygün Kazımova, Ayaz Qasımov, Nurlan Növrəsli kimi sənətçilər ifa edib. Bir də “Türküstan” simfonik poemam var.

Ümumiyyətlə mənim solo konsertim də Azərbaycanın adı ilə bağlı olur. Yaradıcılığmda vətənpərvərlik mövzüsuna  xeyli diqqət ayırıram. İnşallah  müharibədə qalib gəlib, torpaqlarımızı işğaldan azad etdikdən sonra da  yazmağa davam edəcəm.

Onu da qeyd edim ki, tezliklə yeni mahnılarımı eşidəcəksiniz. Adını açıqlamıram, amma yeni bəstəm çıxacaq. Bircə onu deyim ki, həmin əsərdə zəfər sədaları var.

İnşallah bayrağımız Qarabağın hər qarışında dalğalandığı zaman o torpaqlarda səslənəcək. Buna inanırıq və sənətimizlə, musiqimizlə Ali Baş Komandanın yanındayıq!”