İndi əvvəlkindən daha çox işləmək lazımdır

Bütün beynəlxalq platformalarda erməni yalanlarını ifşa etməklə ordumuzun qələbəsini tezləşdirə bilərik


Dağlıq Qarabağda intensiv döyüşlərin başladığı andan etibarən, erməni tərəfi müxtəlif dezinformasiya tipli məlumatlar yayaraq həm özlərini, həm də dünya ictimaiyyətini aldatmaqla məşğuldurlar. Bu məqsədlə yaradılmış layihələrdən biri də daha çox “Telegram” sosial şəbəkəsində populyarlıq qazanan “WarGonzo” layihəsidir. Layihənin yaradıcısı Semyon Peqovdur. O, həm də təxribatçı “RT – Russia Today” agentliyinin əməkdaşıdır. Semyon Peqov Moskvada doğulsa da, Qondarma Donetsk və Luqansk Xalq Respublikalarındakı separatçı qüvvələrə məxsus, özlərini “patriot hərbçilər” adlandıran “Xüsusi Hərbi Təşkilat”ın üzvüdür. Layihənin son fırıldaqlarından biri Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsini azad etdikdən sonra ortaya çıxıb. Belə ki, Prezident İlham Əliyev Hadrutun işğaldan azad edilməsi xəbərini elan etdikdən sonra humanitar məqsədli atəşkəsdən istifadə edən düşmən tərəfi məntəqəni geri qaytarmağa cəhd edib, lakin uğursuzluq və itkilərlə üzləşib.


“WarGonzo” və Semyon Peqov isə təxribat xarakterli məlumatları ilə ruhdan düşmüş ermənilərə yalanlar satmağa davam edib. O, əvvəlcə şəhərin azad edilmədiyini iddia edərək köhnə tarixli videolar paylaşıb, daha sonra isə iddiasının çürüdüldüyünü görərək kilometrlərlə uzaqdan Hadrutu lentə alıb şəhərdə olduğunu iddia edib. Halbuki, video-materialı izlərkən görünür ki, şəhərdə heç bir tərəfin hərbçiləri yoxdur və meyit daşınması üçün neytral şərait yaradılıb. Peqov və ermənilər də sadəcə meyitlərini daşımağa gəliblər. Müdafiə Nazirliyinin son məlumatında da bildirilib ki, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib. Alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. 

Düşmənin davamlı dezinformasiya yaymaqla məşğul olduğunu söyləyən Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə deyib ki, müasir dünyada müharibə hər iki cəbhədə aparılır. Baş redaktorun sözlərinə görə, biz təkcə döyüş meydanında deyil, həm də diplomatik sferada qələbə qazanmağa məhkumuq:

“Azərbaycan Ordusu erməni əsgərlərinin “məğlubedilməzliyi” ilə bağlı mifi darmadağın etdi. Kimin qəhrəman, kimin qorxaq olduğu ilk döyüşdən sonra üzə çıxdı. Ermənilər müharibənin ilk günlərində düçar olduqları məğlubiyyətin şokundan hələ də çıxa bilməyiblər. İnformasiya müharibəsində düşmənə uduzduğumuzu hesab etmirəm. Sadəcə, düşmən çox həyasızdır, ağlasığmaz yalanlar uydurmaqdan çəkinmir. Erməni “yalan maşını” gecə-gündüz işləyir. İstehsal zay olsa da, bir dəqiqə belə dinclik tapmırlar. Müasir dünyanın erməni yalanlarına inandığını zənn etmirəm. Bir müddət sonra ermənilər özləri də öz yalanlarına inanmayacaqlar”.

JAM sədri qeyd edib ki, Azərbaycan ermənilərin internet resurslarında törətdiyi informasiya təxribatını ifşa etməyi bacarır. Onun sözlərinə görə, həm Prezident, həm də cəmiyyət düşmən təxribatını dəf etmək üçün gecə-gündüz çalışır:

“Azərbaycan Prezidenti düşmənin məkrli planlarını ifşa edə bilib. Dövlət başçısı İlham Əliyev hər gün dünyanın bir neçə nüfuzlu televiziya kanalına müsahibələr verərək, beynəlxalq ictimaiyyətin diqqətini erməni təcavüzünə yönəldir. Xarici siyasət idarəmiz, cəmiyyətimiz də bu prosesin iştirakçısıdır. Sadəcə olaraq, indi əvvəlkindən daha çox işləmək lazımdır. Bütün beynəlxalq platformalarda erməni yalanlarını ifşa etməklə ordumuzun qələbəsini tezləşdirə bilərik. Düşmən təxribatına uymamalı, düşmənin bütün yalanlarını anındaca ifşa etməliyik. İndi başlıca vəzifəmiz budur!”.  İsmayıl Qocayev