Kremldəki təmaslar xeyrimizə deyil

Azərbaycan çalışır ki, danışıqlar Ankara-Moskva-Bakı arasında aparılsın

Hələki bu formatın rəsmiləşdirilməsi alınmır

Dünən Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşən Ermənistan XİN başçısı Z.Mnatsakanyan növbəti dəfə sərsəm açıqlamalar səsləndirib. Mnatsakanyan Dağlıq Qarabağın hazırda “təhdid altında” olduğunu uydurub. O, həmçinin “atəşkəsi yoxlama mexanimzlərindən” Azərbaycan tərəfinin imtina etdiyini deyib:

“Bu təklifdən imtina edən Ermənistan tərəfi, yaxud Dağlıq Qarabağ tərəfi deyil. Ona görə də mən Ermənistanın və ya Qarabağın ünvanına hansısa ittihamları qəbul edə bilmərəm”. Mnatsakanyan bildirib ki, Ermənistan “Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı olaraq qalır. 
Ermənistan hakimiyyəti Gəncədə törətdiyi hərbi cinayətin məsuliyyətini daşımaqdan imtina edir və ittihamları qəbul etmir, buna müxtəlif riyakarlıqla don geyindirməyə çalışır. Digər tərəfdən, hələ də Dağlıq Qarabağı “tərəf” olaraq adlandırır. Baxmayaraq ki, 10 oktyabr humanitar atəşkəsi zamanı Azərbaycan öz şərtlərini elan etmişdi. Eyni zamanda, Dağlıq Qarabağı işğal etməsini pərdələmək üçün guya Ermənistanın “qarant ölkə” rolunda çıxış etdiyi yalanını yaymaqdan da geri durmur. 

Görüşü “Şərq”ə dəyərləndirən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan xarici işlər nazirinin Moskva səfəri humanitar atəşkəsdən sonra Rusiya və Ermənistanın atacağı addımlar və bu ölkəyə hərbi yüklərin göndərilməsi məsələləri ilə bağlıdır. Siyasi şərhçi bildirib ki, Türkiyənin rəsmi danışıqlar formatında olmamasına baxmayaraq, Kremllə ciddi danışıqlar aparılır:

“Ankara Rusiyaya Ermənistan qoşunlarının çıxarılmasını və birgə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir. Amma Rusiya və Ermənistan Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinin əleyhinədir. Rusiya rəhbərliyi konkret olaraq Qarabağla məsələləri Lavrovun öhdəsinə buraxıb. Lavrov da Ermənistanın mövqeyindən çıxış edir.

Ona görə də məsələ açıq qalır. Moskvada hər iki nazirin görüşü Azərbaycan və Türkiyə əleyhinədir. Elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə olmasın və Azərbaycana öz şərtlərini diktə etdirsinlər. Bundan əlavə, Paşinyan iqtidarının tam miqyasda Rusiyanın orbitinə qaytarılması tələb edilir. Bu məsələlər Lavrova tapşırılıb.

Əgər Paşinyan Moskvanın tələblərini qəbul etməsə, Azərbaycan atəşkəsə baxmayaraq, Ermənistanın hücumlarının qarşısını almaq üçün digər rayonların azad edilməsi əməliyyatına başlamasına Rusiya seyrçi qalacaq”.

Analitik vurğulayıb ki, çox ciddi danışıqlar gedir və Moskva tam cəhdlə sülhməramlı qüvvələri Xankəndinə yerləşdirməyə çalışır: 

"Mnatsakanyan və Lavrov Putinə təsir etmeyə çalışır. Amma Putin Ankara və Bakı ilə əlaqələri korlamağa getməyəcək. Hazırda Rusiyanın Azərbaycana qarşı müəyyən diplomatik müstəvidə təzyiqləri davam edir.

Azərbaycanın şərtlərinin qəbul edilməməsinə çalışır. Rəsmi Bakı çalışır ki, danışıqlar Minsk Qrupu çərçivəsində deyil, Ankara-Moskva və Bakı arasında aparılsın. Bunu Prezident İlham Əliyev də müsahibəsində qeyd edib. Hələki bu formatın rəsmiləşdirilməsi alınmır. Əsas maneə isə Rusiyadır.

Hazırda Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarşısını alır. Həmçinin Qarabağda üçüncü ölkələrin hərbçilərinin iştirakına sədd çəkir”.