Bu dünyaya bir də gül, balaca ! 

Elnur Rüstəmov: "Həmin gülüş bir uşağın simasında Azərbaycan cəmiyyətinin gülüşü idi"

Əhməd Qəşəmoğlu: "Görürlər ki, böyüklər ümidlidir, onlar da  gülümsəyir. Bu xalqımızın gücü deməkdir”


Ermənistan oktyabrın 11-i  gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Yaralı şəxslər arasında azyaşlılar da var.


Baş verən hadisə düşmənin ilk vəhşiliyi deyil. Tarixən xalqımız ermənilərin bu cür vandallığı ilə qarşılaşıb. Gəncədəki dəhşətli hadisə də bunlardan biri idi. Gecə saatlarında dünyadan xəbərsiz şəkildə yatan körpələr, yaşlılar və digər mülki əhalimiz növbəti faciənin qurbanı oldu. Hadisə ilə bağlı foto və videogörüntülər hər birimizi sarsıdır. Düşmənin vəhşiliyi, xain planları ara vermir. Lakin xalqımız hər zaman güclü, əzmkar olduğunu sübut edib. Yayılan fotolardan birində azyaşlı körpə başından qan axmasına, güclü partlayışa, qorxuya rəğmən gülür. Düşmənə inad olan bu kiçik gülümsəmə hər birimizdə inam və ruh yüksəkliyini yenidən alovlandırdı. Körpənin gülüşü sanki xalqımızın və bütövlükdə cəmiyyətimizin bir siması idi.



Baş verən olayla bağlı “Sherg.az”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, Gəncədə baş verənlər erməni vandalizminin xislətidir. Onlar ilk dəfə belə deyil ki, cinayətlər törədirlər:

“Keçən əsrin sonunda da belə vəhşiliklər törədiblər, arxadan vurublar, mülki əhaliyə atəş açıblar. Düşmənin senarisi dəyişmir. Sadəcə indi vətəndaşlarımız əvvəlki dönəmlərlə müqayisədə kifayət qədər məlumatlıdırlar.

Bütün xalqımız bilir ki, ermənilər düşmənimizdir və namərddirlər. Onlar insanlığa sığmayan hərəkətlər edirlər. İnsanlarda ruh yüksəkliyi, düşmən qarşı olan nifrət həmin uşağın simasında özünü göstərdi. Uşaq valideynlərinin və böyüklərinin emosiyasını ifadə edir.

O, həm də Azərbaycan ailəsinin düşmənə qarşı mətin dayandığının göstəricisidir. Həmin gülüş bir uşağın simasında Azərbaycan cəmiyyətinin gülüşü idi. “Siz bizə bomba atırsız, amma biz bundan qorxmuruq”.

Məlumdur ki, uşağın acıya davamlılığı azdır, adi əşyasını alanda ağlayır.  Uşaq dözümsüz olur, onun ən qorxduğu şey iynədir. Həkim görəndə ağlayır. Amma Gəncədəki dəhşətli hadisədə xəsarət alan körpə gülür. Bu, Azərbaycan xalqının ümumi təzahür formasıdır”.



Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, indi azyaşlı körpələrimiz də hər gün müharibə xəbərlərini eşidirlər, bu informasiya ilə böyüyürlər :

 “Bizdə belə bir deyim var:“Bir gözüm ağlayır, digəri isə gülür”. İndi də həmin vəziyyətə düşmüşük. Uzun müddətdir ki, hər birimiz təhqir edilmiş vəziyyətdən çıxmaq istəyirik.

Torpaqlarımızı alıblar, orada at oynadırlar. Bu barədə hər kəs danışır. Azyaşlı körpələr də anadan olandan ancaq bu sözləri eşidirlər.

Ona görə bütün xalq ədalətin bərpasına köklənib. Əminəm ki, Gəncədəki hadisə zamanı yaralanan körpələr də neçə vaxtdır müharibə ilə bağlı danışıqları hər gün eşidirlər. Həmin körpələrin içində bir sevinc var.

Görürlər ki, böyüklər ümidlidir, onlar da sevincli olurlar. Onlar görürlər ki, yaxşı hadisələr baş verir. Amma bu yaxşı hadisələrin içində qan və ölüm var. Buna baxmayraq körpələrimiz gülümsəyir. Bu bütövlükdə xalqımızın gücü deməkdir”.