“Prezidentin müsahibələri işğalçının ədalətsiz mövqeyini ifşa edir”

“Dövlət başçımızın rus, ingilis və digər əcnəbi dillərdəki sərrast danışığı nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatır”


Sentyabr 27-də Dağlıq Qarabağda müharibəsi başlandığı ilk günlərdən etibarən dövlət başçısı İlham Əliyevin dünyanın müxtəlif nüfuzlu KİV-nə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyətlidir. Həmin çıxışlarında Ali baş komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.

Jurnalistlərin suallarına verilən tutarlı cavablar dövlət başçısının bir siyasətçi kimi məharətindən xəbər verir. Beləliklə, biz erməni yalanlarını, xülyalarını növbəti dəfə ifşa edir, düşmənə diplomatik meydanda da qalib gəlirik.

Millət vəkili Sevil Mikayılova hesab edir ki, dövlət başçısının çıxışları düşmən üzərindəki qələbənin növbəti bariz nümunəsidir. O, bu barədə “Sherg.az”a danışıb:

“Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti ideoloji istiqamət üzərində qurulub. Odur ki, düşmən təkcə cəbhədə yox, informasiya məkanında da təxribatlar törədir.

Biz, bəlkə də, əvvəllər bu təxribatların qarşısını almaqda çətinlik çəkirdik. İndi isə vəziyyət dəyişib. Prezident İlham Əliyevin müsahibələri, çıxışları işğalçının ədalətsiz mövqeyini ifşa edir.

Dövlət başçımızın rus, ingilis və digər əcnəbi dillərdəki sərrast danışığı nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatır. Prezident İlham Əliyevin siyasətçilik məharəti, yüksək diplomatik bacarığı onu dünyada qəbul edilən liderə çevirib.

Azərbaycan həqiqətlərinin ölkə başçısının dilindən səslənməsi nəticəsində biz təkcə döyüş meydanında yox, diplomatiyada da düşmənə qalib gəlirik. Ermənistan baş naziri Paşinyan isə hər dəfə özünü daha gülünc vəziyyətə salır.

O, ciddi siyasətçi statusunu çoxdan itirib. Artıq Ermənistan cəmiyyəti də Paşinyanı ciddi qəbul etmir. Baş nazirin yalan cəhdləri dünya ictimaiyyərtində də eyni reaksiya yaradır”.