Türk professordan ilginc MÜSAHİBƏ: “Azərbaycan “öz göbək bağını özü kəsir”” - Ox yaydan çıxıb!

“İşğalçı Ermənistanın məğlub olduğu gün kimi ortadadır”

“Cəbhə xəttindən çox uzaqlardakı Gəncəni ballistik raketlərlə atəşə tutmaq Ermənistanın son çırpıntılarıdır”

“Dağlıq Qarabağa uşaq gülüşləri geri qayıdacaq. Qısası, bu savaş Azərbaycanın haqq və ədalət mübarizəsidir”

“Tarix göstərib ki, məsum insanlara erməni hücumları bitməyəcək. Azərbaycan, Türkiyə və bütün Türk dünyası güclü olmalıdır”

Son günlər məşhur türk şairi Mehmet Akif  Ersoyun “İstiqlal marşı” tez-tez yadıma düşür. Müəllif  “ben əzəldən bəridir, həp yaşadım, hürr yaşarım, hangi çılğın bana zincir vuracaqmış, şaşarım” misaraları ilə sanki indiki vəziyyəti təsvir edirdi. Doğrudan da, indi- otuz ildir həsrətində qaldığımız torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına keçdiyimiz bir vaxtda nəinki işğalçı düşmən, heç onun havadarları da qabağımızda dayana bilmirlər. Sürətlə Dağlıq Qarabağımıza doğru gedirik, Azərbaycan bayrağını tapdaq altında olan torpaqlarımızda dalğalandırmağa tələsirik. Əlbəttə, bu cür əmin addımlarımızla irəliləyimizdə qardaş Türkiyənin mənəvi dəstəyinin də xüsusi rolu var. Baş verən hadisələri həssaslıqla, diqqət və həyəcanla izləyən qardaşlarımız bizə inamlarını, dəstəklərini ən müxətlif səviyyələrdə ifadə edirlər.

Türkiyənin Marmara universitetinin professoru Okan Yeşilot da belələrindəndir. O, Dağlıq Qarabağ müharibəsinə dair “Sherg.az”ın suallarını cavablandırıb:

- Təxminən otuz ildən sonra təkrarlanan Dağlıq Qarabağ müharibəsi barədə nə düşünürsünüz? Sizcə, bu, tarixin revanş fürsəti ola bilərmi?

- Bu dəfəki təxribatlar da 200 illik bir məsələdir. Türk dünyasının ortasına bıçaq kimi sancılan Ermənistan yaratmaq layihəsinin bir səhifəsidir. Bitməyən erməni məskunlaşmasının və təxribatının növbəti nümunəsidir.

Məncə, indiki hərbi əməliyyatlar təkcə Dağlıq Qarabağ döyüşləri deyil, həm də Azərbaycanın vətən müharibəsidir. Bu savaş sizin də dediyiniz kimi, təxminən otuz il əvvəl başlanan Dağlıq Qarabağ müharibəsində doğma torpaqlarından didərgin salınan 700 mindən çox dinc sakinin, Azərbaycan türkünün evlərinə geri qayıtmaq imkanıdır.

Hərçənd ki, orada ciddi dağıntıların olduğunu, heç bir tikilinin, o cümlədən evin qalmadığını azad olunan Cəbrayılın timsalında gördük. Ermənistan vandallığı ilə Azərbaycanın bütün kənd və şəhərlərini dağıtmış, daşı daş üstündə qoymamışdır.

Cənab prezident İlham Əliyevin də dediyi kimi, inşallah, işğaldan tamamilə azad olunduqdan sonra oralarda şəhərlər salınacaq, uşaq gülüşləri geri qayıdacaq. Qısası, bu savaş Azərbaycanın haqq və ədalət mübarizəsidir. Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu görür, deyir. Azərbaycanın başqasının torpaqlarında gözü yoxdur.

Bu, sadəcə bir Dağlıq Qarabağ savaşı deyil, Azərbaycanın haqq savaşı, vətən müharibəsidir. BMT-nin qətnamələri əsasında işğal altında olan torpaqları azad etmə mübarizəsidir.

- Dünya dövlətlərinin məsələyə münasibətini necə qiymətləndirirsiniz?

- Məsələnin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu iyirmi altı ildə bir millimetr də məsafə qət edə bilməyib, nəticəyə nail olmayıb. Çünki heç bu barədə fikirləşmədi də.

- Məsələ necə həll olunmalı idi?

- Çox bəsit. Ermənistan BMT-nin qətnamələrinə əməl edərək işğal etdiyi torpaqlardan çıxmalı idi. Əslində işğalçı ölkənin bunu könüllü olaraq etməyəcəyi məlum idi. Bunu görən vasitəçilər Ermənistanı BMT qətnamələrinə əməl etməyə çağırmaqla kifayətlənməməli, hətta güc tətbiq etməli idi. Amma təəssüf ki, etmədi, edə bilmədi. Daha doğrusu, etmək istəmədi.

Azərbaycanın ağıllı və uzaqgörən hakimiyyəti belə olacağını əvvəlcədən bilir və müvafiq hazırlıq işlərini görürdü. Azərbaycan böyük dövlətlərin ikili standart yeritdiyini və işğala məruz qalanı müdafiə etməyəcəyini bilirdi. Nəhayət, Türkiyə prezidenti, cənab Rəcəb Tayyib Erdoğanın da dediyi kimi, Azərbaycan “öz göbək bağını özü kəsmək” qərarına gəldi. Azərbaycanın buna gücü çatar.

-Həmin böyük dövlətlərdən biri də Rusiyadır. Sizcə, rəsmi Moskva nə etmək istəyir?

-Erməniləri İrəvan və Qarabağ xanlığına köçürən, Ermənistan dövlətini quran Rusiyadır. İşğalçının ən böyük havadarı Kremldir. Diplomatik, iqtisadi və əsgəri qüvvə baxımından rəsmi Moskva Ermənistanda tam söz sahibidir. Ermənistan baş naziri Nikol Paşinyan “Rusiya ilə araya məsafə qoymaq lazımdır, Qərblə daha yaxşı ünsiyyət qurmaq gərəklidir” demişdir və siyasətini bu istiqamətdə qurmuşdur.

- Moskvadakı üçtərəfli görüş barədə nə deyə bilərsiniz?

- Müntəzəm olaraq Azərbaycana təhdid xarakterli siyasət yürüdən və “yeni torpaqlar üçün yeni savaşlar”, “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan sentyabrın 27-də Azərbaycan torpaqlarına hücum etmiş və heç gözləmədiyi qarşılıq almışdır. Həmin əks-həmlələr indiyədək bitməyib. Rusiya ilk günlər atəşkəs xəbərdarlığı elədi.

Azərbaycan cəbhədə uğurlar qazandıqca, Ermənistan məğlub olduqca Paşinyan atəşkəs üçün havadarına yalvarmağa başladı. Beləliklə, Moskvada atəşkəs imzalandı.

Rusiya bu elədikləri ilə hələ də güclü olduğunu göstərmək istəyir. Lakin Ermənistan yenə özünə yaraşanı elədi. Atəşkəsə əməl etməməyi azmış kimi, Gəncə, Mingəçəvir, Tərtər, Bərdə, Ağdam və digər yerlərdə yaşayan dinc əhalini, mülki obyektləri rakatlə hədəfə aldı. Dünya isə bu qətliama səssiz qalmaqdadır.

- Sizin də dediyiniz kimi, Ermənistan məğlub olmağına rəğmən, sanki göbəyi Dağlıq Qarabağda kəsilibmiş kimi, nə torpaqlarımızdan, nə də iddiasından əl çəkir...

- Düşmən nə deyir, desin. Bizdə bir söz var: “Atı alan Üsküdarı keçdi”. Yəni artıq ox yaydan çıxıb. İşğalçının məğlub olduğu gün kimi ortadadır. Cəbhə xəttindən çox uzaqlardakı Gəncəni ballistik raketlərlə atəşə tutmaq, mülki əhalini vurmaq məğlub Ermənistanın son çırpıntılarıdır. Bu, məğlubiyyətin və acizliyin bariz ifadəsidir.

Köhnə sovet silahları ilə təchiz olunmuş Ermənistan ordusu müasir silahlara malik Azərbaycan Silahlı Qüvvələri qarşısında qarışqa sürüsü kimi dağıldı, dağılmaqdadır. Azərbaycan təkcə təzhizat yox, şəxsi heyət baxımından da qarşı tərəfdən qat-qat güclüdür. Ermənistan sadəcə döyüş meydanında itkilər vermir.

Hər iki dövlət liderləri arasındakı iradə, qərarlıq, bilik və mədəniyyət fərqi də ortadadır. Cənab İlham Əliyevin təcrübəli bir dövlət adamı, peşəkar, qərarlı bir ali baş komandan olduğunu, rus, ingilis dil bilgisi ilə dərin ritorika qabiliyyətini hətta hər fürsətdə Azərbayana qarşı olan Rusiya jurnalistləri də etiraf edirlər. Yəni Ermənistan sadəcə döyüş meydanında deyil, əslində bütün istiqamətlərdə Azərbaycana uduzur. Bunu “həzm edə” bilmədiyinə görə də, öz aləmində “sözüm sözdür” deyir. Amma hara qədər?!

- Bəs nə etməliyik?

- Tarix göstərib ki, məsum insanlara erməni hücumları bitməyəcək. Azərbaycan, Türkiyə və bütün Türk dünyası güclü olmalıdır. Eşq olsun Azərbaycana. Yaşasın bir millət, iki dövlət!