Türk akademikdən sensasiya: “Rusiya böyük oyuna başladı !” - Müharibə dayanmasın !

“Moskva bu oyunda piyada kimi istifadə etdiyi Ermənistana “İrəvan Moskvasız yaşaya bilməz” fikrini diktə etdikdən sonra onu qorudu”

“Ermənilər Rusiyanın 250-300 illik planlarının açıq-aşkar versiyasıdır”

“Bu müddətdə Rusiya Türkiyənin proseslərə qarışmasına əngəl olmağa çalışacaq”

“Qarabağ tamamilə geri alınmadan bu müharibə bitməməlidir”

“Azərbaycan bu hücumlara cavab verməlidir.  Meydanda və masada güzəştə getməməlidir”


Bu il oktyabrın 11-i gecə saatlarında işğalçı Ermənistanın Gəncədə törətdikləri əslində bütün dünyaya təhdid idi. Rusiyadan güc alan və onun vassalı olan Ermənistan istədiyi şəkildə dinc əhalini qətlə yetirir. Düşmənin törətdiyi bu vəhşilik Cenevrə konvensiyasının prinsiplərinə tamamilə ziddir. Sentyabrın 27-də  Dağlıq Qarabağ münaqişəsi başlayan zaman, bir müddət Rusiya səssizliyi ilə diqqəti cəlb etdi. Görünən odur ki, bu, fırtına öncəsi səssizlik idi. Oktyabrın 9-da  Moskvada üçtərəfli görüşdən sonra humanitar atəşkəs elan olunduğu halda Ermənistan qaydaları kobud şəkildə pozaraq əsl mahiyyətini bir daha ortaya qoydu.

Cəbhədə baş verənlər, düşmənin faşist siyasəti və mülki əhalimizi qətlə yetirməsi, bu hadisələrdə Rusiyanın rolu və qardaş ölkənin dəstəyi barədə Marmara Universitetinin doktoru Sərdar Oğuzxan Çaycıoğlu ilə həmsöhbət olduq.

“Sherg.az” söhbəti təqdim edir:

 - Sentyabrın 27-dən etibarən Dağlıq Qarabağ münaqişəsi yenidən alovlandı. Sizcə bu savaşda Rusiyanın mövqeyi nədir?

- XVII əsrin sonu, XIX cu əsrin əvvəllərindəki Qafqaz tarixinə nəzər saldıqda Rusiyanın bu coğrafiyanı addım-addım işğal etdiyini görürük. Bu işğal olunmuş torpaqlarda uzunmüddətli bir Rusiya hökmranlığının qurulması Rusiyanın ən vacib hədəflərindən biri idi. 1827-ci ildə İrəvan xanlığını işğal edən ruslar bu torpaqlarda bir erməni vilayətini qurdular və İrandan topladıqları erməniləri və Osmanlı coğrafiyasını yerləşdirdilər. Beləliklə, Rusiyanın gələcəkdə planlarını həyata keçirməsini asanlaşdıracaq bir tampon dövlətinin təməli qoyuldu. Ermənistan Rusiyanın Qafqazda oynadığı şahmatda vacib bir piyadadır. Bu gün də Rusiyanın Ermənistanda hərbi gücünün olduğunu bilirik. 

- Bəs Rusiya niyə son hadisələrdə erməniləri dəstəkləmədi? 

- Buna verə biləcəyim cavab budur ki, Paşinyan Rusiyanın piyadası olmaq istəmir. Paşinyanın Rusiyadan üz çevirib, Qərbə tərəf dönməyi Moskvanın istəmədiyi bir vəziyyətdir. Bu səbəbdən Rusiya Qarabağda baş verən müharibəyə qarışmadı. Beləliklə, Azərbaycanın hərbi gücü Ermənistanı çox qısa müddətdə dağıtdı. Rusiya bu vəziyyəti ermənilərə göstərmək üçün belə bir siyasət yürüdür, yəni “Ermənistan Moskvasız yaşaya bilməz”.

 - Oktyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü oldu və humanitar atəşkəs elan edildi. Bu atəşkəslə bağlı düşüncələriniz nədir?

- Əvvəlcə bildirmək istəyirəm ki, Azərbaycan bu müharibədə tamamilə haqlıdır. Çünki müharibə Azərbaycana məxsus olan Qarabağda, ermənilərin işğal etdiyi torpaqlarda baş verdi. Qarabağ tamamilə geri alınmadan bu müharibə bitməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin müharibə başlayandan bəri verdiyi açıqlamalar bu istiqamətdə idi. Ancaq indi atəşkəs elan edildikdən sonra Azərbaycan müharibəni masada uğurla aparacağı və nəticədə Qarabağı düşmən işğalından təmizləyəcəyi bir diplomatiya ilə davam etdirməlidir.

- Amma Gəncədəki terror hadisəsi müharibə variantını yenidən gündəmə gətirdi... 

- Dünyanın bütün ölkələri keçmişdə və indiki zamanda Ermənistanın terror aktlarını görürlər. Təəssüf ki, əksər dövlət bu vəziyyətə susur. Atəşkəs elan edildikdən sonra ermənilərin Gəncədə həyata keçirdiyi raket hücumu onlara etibar etmək mümkün olmadığını göstərir. Bu hücumda mülki şəxslərin hədəf alınması, əlbəttə ki, onların vəhşiliyinə işarədir. Azərbaycan bu hücumlara cavab verməlidir.  Meydanda və masada güzəştə getməməlidir. Azərbaycan müasir hücum vasitələrindən ən təsirli şəkildə istifadə edərək hücumları dünyaya elan etməlidir.

- Humanitar atəşkəsdən sonra qardaş ölkənin Azərbaycana dəstəyi hansı formada ola bilər?

- Bəli, Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Hər iki ölkədə yaşayan millət birdir. Biz Xorasandan Anadoluya gəldiyimiz zaman Orta Asiya, İran və Qafqazdan keçdik. Bu səbəbdən Azərbaycan bizim vətənimizdir. Bundan sonra da Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək. Türkiyə maddi, mənəvi, xüsusilə diplomatiya və hərbi sahədə hər cür dəstəyi verəcək.

- Ermənistan Gəncədəki terrordan sonra Mingəçeviri də hədəfə alıb. Sizcə, Mingəçevir üçün hər hansı bir təhlükə ola bilərmi?

 - Ermənistan Mingəçevirə ballistik raket atıb. Azərbaycanın müdafiə sistemləri sayəsində bu hücumun qarşısı havada alınıb. Ermənilər Azərbaycanın diqqətini fərqli tərəflərə yönəltmək istəyirlər. Cəbhədən qaçmalı olan ermənilər hara hücum edəcəklərini bilmirlər. Mülki insanları hədəf alan bu tip hücumlar gəlməyə davam edə bilər. Bunlar azərbaycanlı qardaşlarımızı ruhdan salmamalıdır. Lakin bu hücumlar ermənilərin nə qədər qəddar olduqlarını göstərir. Azərbaycan hər zaman diqqətli və ehtiyatlı olmalıdır.

- Rusiyanın növbəti addım nə olacaq?

Rusiya əvvəlcə Ermənistanı istədiyi səviyyəyə gətirmək üçün proseslərə tamaşaçı qismində baxırdı. Ermənistan Rusiyadan kömək istədikdə isə Putin “müharibə Ermənistan ərazisində aparılmır” deyə bir açıqlama verdi. Bu açıqlama Azərbaycanın nə qədər haqlı olduğunu açıq şəkildə göstərir. Ermənistanın Rusiyaya itaət etməsindən sonra proseslərin gedişi dəyişdi. Rusiya yenidən böyük oyun oynamağa başladı. Ermənilər Rusiyanın 250-300 illik planlarının açıq-aşkar versiyasıdır. Moskva bu möhtəşəm oyunda piyada kimi istifadə etdiyi Ermənistanı qorumağa davam edəcək. Bu müddətdə Rusiya Türkiyənin proseslərə qarışmasına əngəl olmağa çalışacaq.

Söhbətləşdi: Yeganə Bayramova