Hər kəs üzüldü, hamı ürək yanğısı yaşadı

Ancaq Nilay balanın hər kəsə himayə verilməsi qanun baxımından düzgün hesab olunmur

Əgər həmin körpənin yaxın qohumları onu saxlamaqdan imtina etsələr, ondan sonra başqa şəxslərə himayəyə verilə bilər

Oktyabrın 11-də Ermənistandan atılan raketin atasız, babasız, nənəsiz qoyduğu körpə Nilay həm də anasız qaldı. Körpənin 28 yaşlı anası Günay Əliyeva reanimasiyada cəmi bir gün dözdü. 3 illik həsrətdən sonra dünyaya gələn Nilay bu həyatda erməni terroru nəticəsində körpə yaşından yetim qaldı. Dərhal bir çox insanlar sosial şəbəkələrdə onu himayəyə götürmək arzusunu bildirdi. 

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova  "Şərq"ə açıqlamasında vurğulayıb ki, valideynlərini itirmiş uşaqların sosial müdafiəsi Azərbaycan Respublikasının hər zaman diqqətdə saxladığı əsas məsələlərdən biridir. G.Səfərova vurğulayıb ki, Gəncə  hadisələri zamanı hər iki valideynini itirmiş Nilay Ələsgərovanın hər kəsə himayə verilməsi qanun baxımından düzgün hesab olunmur: "Bildiyimiz kimi, məlum hadisələrdən sonra bir çox insan bu balaca körpəmizi himayəyə götürmək istəyini bildirdi.

Təbii ki, başadüşüləndir. Məlum hadisələrə görə hər kəs üzüldü, hamı ürək yanğısı yaşadı.

Amma dövlətimizin bir çox qayda-qanunları var. Əgər həmin körpənin yaxın qohumları onu saxlamaqdan imtina etsələr, ondan sonra başqa şəxslərə himayəyə verilə bilər. Yəni bu, heç də o demək deyil ki, kim istəsə gedib götürə bilər. Hər şey ilk növbədə dərindən araşdırılacaq. Bildiyimiz kimi, övladlığa götürmək barədə qanunlarımızda bir sıra dəyişikliklər olub və daha da  sərtləşdirilib".

Ekspert diqqətə çatdırıb ki, əgər həmin körpə yaxın qohuma himayəyə veriləcəksə belə ona ictimai nəzarət olacaq:

 "Bu gün Azərbaycanda çətin şəraitdə yaşayan ailələrə yardım üçün bir çox dövlət proqramları var. Cənab Prezidentimiz belə körpələrə ictimai nəzarətlərin olmasını hər zaman xüsusi olaraq vurğulayır.

Hər zaman buna QHT-lərin qoşulmasını da tövsiyə edir. Düşünürəm ki, belə işlərdə QHT-lər olaraq daha fəal olmalıyıq, yoxlamalıyıq. Dəfələrlə himayə verilən uşaqların monitorinqi aparılmalı, onların gələcək taleyinin necə olduğu araşdırılmalıdır.

Onlar heç zaman unudulmamalıdır. Eləcə balaca Nilay körpəmiz. Əgər bu körpə balamız yaxın qohuma himayə veriləcəksə, onun gələcək taleyi daim araşdırılacaq".

Qeyd edək ki, azyaşlının 18 yaşınadək xalasıgildə himayədə olacaq. Bundan başqa Gəncə hadisələrində 16 yaşlı Sevil Əliyeva və 8 yaşlı qardaşı Hüseyn Əliyev də eyni gündə valideynlərini itirib.