Pentaqon da heyran qaldı

Ermənilərin dizini yerə gətirən dronlar oldu

"Yeni taktikanın üstünlüyü helikopter və təyyarədən fərqli olan o idi ki, faktiki olaraq ilk növbədə düşmənin hava müdafiə sistemini ləğv edir. Daha sonra isə əsas əməliyyatlara keçid başlanılır"


Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi görüntüləri, pilotsuz aparatların kameraları ilə çəkilmiş videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımlayır. Kamikadze dronlar hədəfi atəş açmadan, ona çırpılmaq yolu ilə hədəfi məhv edir. Hətta Azərbaycan Ordusunun Qarabağ döyüşlərindəki taktikası amerikalı generalları düşünməyə vadar edib.


Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerikalı generalları heyran qoymaqla yanaşı, onları Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin ciddi yenilənməyə ehtiyac duymasının etirafına vadar edib. ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill isə hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan ordusunun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir. 

Hərbi ekspert Azad İsazadə "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan ordusunun ermənilərə qarşı əks-hücum əməliyyatlarında uğur qazanmasının başlıca səbəbi dronlardır. Hərbi ekspert vurğulayıb ki, Türkiyə bu pilotsuz aparatlardan Suriyada 2020-ci ilin fevralında həyata keçirilmiş əməliyyat zamanı və bundan əvvəl Liviyada Haftarın ordusuna qarşı əməliyyatlarda da geniş istifadə edib:

"Biz əks-hücum əməliyyatlarında türklərin daha çox istifadə etdiyi həmin taktikanı təkrar elədik. Sadəcə olaraq, biz bunu daha mürəkkəb şəraitdə etdik. Çünki oralar səhradır, lakin bizdə bu əməliyyatlar dağlarda, meşələrdə həyata keçirildi.

Sözsüz ki, belə ərazilərdə dronlardan istifadə etmək daha çətindir. Gizlənmiş mövqeləri tapmaq kimi bir çox əməliyyatlarda bir sıra çətinliklər olur. Təbii ki, bu dronların bir hissəsini özümüz istehsal edirik, yəni burada təkcə Türkiyənin və İsrailin istehsal etdiklərindən söhbət getmir".

A.İsazadə bildirib ki, dronlardan yeni əsrin müharibələrində daha da geniş istifadə olunması təbii qarşılanmalıdır:

"Sözsüz ki, bunlar 21-ci əsrin texnikalarıdır. Bir məqamı diqqətə çatdırım ki, yeni taktikanın üstünlüyü helikopter və təyyarədən fərqli olan o idi ki, faktiki olaraq ilk növbədə düşmənin hava müdafiə sistemini ləğv edir.

Daha sonra isə əsas əməliyyatlara keçid başlanılır. Təbii ki, Rusiyanın belə bir aparatları yoxdur. Buna görə də Ermənistan bunları ya Çindən, ya da İrandan almalı idi. Ancaq bunların hamısı puldur . Ermənistanın özü  "Krunk" (Durna) adlı yüngül kəşfiyyat dronu istehsal edir.

Azərbaycan Ermənistan mövqelərinə pilotsuz təyyarələrin zərbə endirdiyini göstərən onlarla video yayımlayıb. Pilotsuz aparatların vurduğu hədəflər arasında, əsasən, hərbi texnika, daha az hallarda anbarlar və ya hərbi personal olur. Hücuma məruz qalan obyektlər arasında Osa və Strela-10 zenit raket sistemləri də var.

Erməni tərəfi pilotsuz aparatların zərbələrindən ciddi itkilərə məruz qaldı. Pilotsuz təyyarələri döyüş meydanında yeni bir silah növüdür və müharibələrdə olduqca aktiv şəkildə istifadə olunur.

Təbii ki, onlardan qorunma üsulları artıq ortaya çıxıb. Bunun yolu yeraltı tikililərə və sığınacaqlara daldalanmaqdır, bu, ən sadə vasitələrdən biridir.

Burada əsas məqsəd döyüş meydanından qüvvələri seyrəltmək və hərbi texnikanın yerləşdiyi mövqeləri məhv etməkdir. Pentaqon özü də qeyd etdi ki, Azərbaycan ordusunun döyüş təcrübəsinə heyran qalıb.

Onlar özləri də etiraf etdilər ki, azərbaycanlıların taktikası tankların döyüşdə asan hədəf olmasını, ləng hərəkət etməsini və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitə olmasını sübuta yetirdi.

Çünki Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz etdi. Artıq müasir döyüşlərdə PUA-lar çox ciddi vasitə və təhlükədir.

Pentaqon, Amerika Ordusu başa düşməlidir ki, indiki hava müdafiə sistemləri daha çox təyyarə və raketə qarşıdır. Amma balaca dronlar üçün daha həssas, daha ayrı fomada qurğular tapılmalı, düzəldilməli və döyüşlərdə istifadə olunmalıdır".