"Rusiya düşmənə nəfəs verməyə çalışır"

Enis Şahin: "Hər hansı formada Qarabağ məsələsi ilə bağlı danışıq masası formalaşacaqsa və orada Rusiya olacaqsa, Ankaranın iştirakı zəruri və mütləqdir"


Azərbaycan tək deyil, yanımızda Türkiyə kimi dünya miqyasında böyük güc sayılan qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, əlavə güc verir. Qardaş ölkə ədalətli mövqeyini qətiyyətlə ortaya qoyur və birmənalı bəyan edir ki, Azərbaycanın işğal altındakı torpaqları ən qısa zamanda düşməndən azad edilməlidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi “Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!”.

Türkiyənin mövqeyi bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində də önəmli rol oynayır. Artıq hər kəs qəbul edir ki, Azərbaycan-Türkiyə vəhdətinin qarşısında heç bir güc tab gətirə bilməz. Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizəyə sadəcə Türkiyə rəhbərliyi və rəsmiləri deyil, qardaş ölkənin fədakar, qorxmaz xalqı da birmənalı dəstək verir.

Şanlı Ordumuzun düşməni təmizləmə siyasətinə könüldən dəstək verənlərdən biri də Türkiyənin Sakarya Universitetinin professoru, tarixçi-alim, ermənilərlə bağlı çoxsaylı dəyərli tədqiqat əsərlərinin müəllifi Enis Şahindir. Hörmətli professor “Şərq”ə müsahibəsində dəfələrlə qeyd etdi ki, bu gün hər bir türkün amalı, qayəsi Qarabağın tezliklə azadlığa qovuşmasıdır.
 
- Enis bəy, Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda günlərdir apardığı haqq savaşı barədə düşüncələriniz nədir? 

 - O qədər həyəcanlıyam ki. Qardaş Azərbaycan Ordusunun uzun müddətdən sonra öz ərazilərini düşməndən azad etməsi, uğurlu hərbi əməliyyatları, şəhər və kəndlərin qurtuluş xəbərləri hamımızı duyğulandırır, həyəcanımızı artırır. Türkiyə türkü olaraq özümü heç vaxt Azərbaycan türkündən ayırmamışam. Sizinlə birgə sevinir, birlikdə kədərlənirəm. Məlumdur ki, ermənilər 30 il əvvəl öz himayədarlarından güc alaraq, onlara arxayın olaraq Azərbaycanın tarixi torpaqlarını işğal etməyə başlamışdı. Nəticədə Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın 20 faiz ərazilərini zəbt etmişdilər. Halbuki, həmin dövrdə dünya ölkələrinin qanuni sərhədlərinin qətiyyən dəyişdirilməməsi ilə bağlı qəbul edilmiş onlarla beynəlxalq anlaşma mövcud idi. Ermənilərin Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlaması və bu təcavüzə göz yumulması əsla qəbul edilmə bilməz. O səbəbdən müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etmək yönündə apardığı hərbi əməliyyatları könüldən dəstəkləyirəm. Bütün uğurlu əməliyyatları, qələbə xəbərlərini anbaan izləyirəm. Şanlı Azərbaycan Ordusunun Türkiyənin Silahlı Qüvvətlərindən heç bir fərqi yoxdur. Bu mübarək Ordunun qəhrəmanlıqlarını heyranlıq və qürurla seyr edir, alqışlayıram, zəfər xəbərlərindən böyük keyf alıram. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur və bu ərazilər mütləq işğaldan azad edilməlidir. Başqa yol yoxdur. 

 - Moskvada “humanitar atəşkəs” elan edilsə də, ermənilər saatlar sonra təxribata əl atdılar. Bu “atəşkəs” oyunu hansı məqsədə xidmət edirdi? 

 - Rusiya bir müddət susqun qaldıqdan sonra prosesə müdaxilə edərək tərəflər arasında “humanitar atəşkəs”ə nail oldu. Moskvanın təşəbbüslərini heç vaxt səmimi qəbul etməmişəm. Bu dəfə də yanılmadım. Məsələ odur ki, Azərbaycan Ordusunun işğaldakı torpaqlarını azad etməsindən, düşmənin pərişan hala düşməsindən narahat olan Rusiya tələm-tələsik məsələyə müdaxilə etdi. Məqsəd Qarabağın azad edilməsinə maneçilik törətmək idi. Məhz bu səbəbdən Moskva “vasitəçilik” missiyasını xatırladı. Kremli narahat edən Azərbaycan Ordusunun cəbhədən davamlı uğur qazanması, təmas xəttini darmadağın edərək irəliləməsidir. Rusiya prosesdə sadəcə əngəl rolunu oynayır və erməni silahlı qüvvələrinin biabırçı məğlubiyyətinin önünü kəsməyə, düşmənə nəfəs verməyə çalışır. Hazırda Qarabağda məhv edilən erməni quldurlarının yeganə xilas yolu mənasız atəşkəsi bərpa etməkdir. Qeyd edim ki, normal şərtlərdə münaqişənin həllində vasitəçi olan həmsədr ölkə, özü də Rusiya kimi təsir imkanlarına sahib bir dövlət işğalçı erməniləri Azərbaycan torpaqlarından çıxartmalı, rəsmi Bakının haqlı olduğunu bəyan etməliydi. Amma bunun əksini görürük. 

 - Ordumuzun qarşısında tab gətirməyən aciz düşmən qərəzli şəkildə mülki şəxslərimizi hədəf alır, şəhərlərimizi raket atəşinə məruz qoyur. Sizcə, düşmən bu təxribatı ilə nəyə nail olmağa çalışır? 

 - Erməni silahlılarının sivil insanları hədəf alması, Azərbaycanın ikinci böyük şəhərinə - Gəncəyə raketlər atması, dinc əhalini qəsdən qətlə yetirməsi bu dövlətin terrorçu mahiyyətindən xəbər verir. Düşmən öz məqsədinə çatmaq üçün istənilən təxribata, terror aktına baş vurmağa hazırdır. Cəbhədə acı məğlubiyyətlə üzləşən düşmən diqqəti başqa yönə çəkməyə çalışır. Əslində ermənilərdən hər cür təxribatı gözləmək lazımdır. Ermənilər soyqırımı sadəcə 1992-ci ilin fevralında Xocalıda törətməyiblər. Xocalı soyqırımı düşmənin son dövrlərdə tətbiq etdiyi vəhşilikdir. Mənfur ermənilərin tarix boyunca türklərə qarşı həyata keçirdikləri qətliamları saymaqla bitirmək olmaz. Son 150 il ərzində ermənilərin fəaliyyətinə, xüsusən “Daşnaksütyun” partiyasının əməllərinə nəzər salsaq, düşmənin ağılalmaz vəhşətinin, vandalizminin şahidi olmaq mümkündür. Dəfələrlə əliyalın, silahsız türkləri qətlə yetirmiş ermənilər daha sonra özlərini “məzlum” topluluq kimi dünya ictimaiyyətinə sırımağa səy göstəriblər. 1890-cı ildən bu yana erməni daşnakları öz xalqlarını uçuruma götürmək üçün hər yola baş vurub. Bu gün də Ermənistanın başında duran siyasi rəhbərlik eyni hərəkətləri təkrarlayır. Erməni baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət 100 il əvvəlki daşnaklardan qətiyyən fərqli düşünmür. Sivil insanları davamlı atəşə məruz qoymaq, işğal və təcavüzü davam etdirmək, ardıcıl dezinformasiya yayaraq özlərini “yazıq millət” kimi qələmə verməklə daşnaklarla eyni təfəkkürdə olduqlarını sübut edirlər. Azərbaycan Ordusu hərbi əməliyyatlara başladığı ilk günlərdə ermənilər dünyanı ayağa qaldırmağa çalışdılar ki, guya, “Azərbaycan erməni torpaqlarını işğal edir” və “Türkiyə də onları dəstəkləyir”. Amma artıq erməni yalanları keçmir. Dünya xalqları, Qərb dövlətləri və beynəlxalq qurumlar çox yaxşı bilirlər ki, ermənilər Azərbaycan torpaqlarını zəbt edib. Düşmən 30 il işğalda saxladığı ərazilərdə hər cür alçaqlığı, şərəfsizliyi ediblər. Ona görə də indiki dövrdə “türklər bizi öldürür, bizə qarşı qətliam törədirlər” yalanları ayaq tutub yerimir.    

 - Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunun mütləq olduğu vurğulanır. Qardaş ölkənin prosesdə yaxından iştirakı nə qədər mühümdür? 

 - Bundan sonrakı istənilən prosesdə, hətta hansısa formada normal atəşkəs imzalansa belə, həmin razılaşmanın müzakirələrində, müddəalarında mütləq Türkiyə iştirak etməlidir. Əlbəttə, Azərbaycan torpaqlarının son qarışının belə ən qısa zamanda düşməndən qurtarılması ən birinci arzumuz, amalımızdır. Ancaq hər hansı formada Qarabağ məsələsi ilə bağlı danışıq masası formalaşacaqsa və orada Rusiya olacaqsa, Ankaranın iştirakı zəruri və mütləqdir. Əgər Ermənistana güvənirlərsə, o zaman savaş meydanında da, danışıq masasında da İrəvanla Bakını təkbətək buraxsınlar. Lakin ermənilərin “böyük qardaşı” Rusiya danışıq masasında oturmağa özündə haqq görürsə, Türkiyə də Azərbaycanın qardaşı kimi həmin masada öz yerini tutmalıdır. Bundan heç kimin şübhəsi olmasın. Heç bir dövlətə imkan vermərik ki, can Azərbaycanın haqqını tapdalasın, qardaşımızı tək zənn edib üzərinə getsin. Milli mənliyinin fərqində olan heç bir türk buna əsla imkan verməz. Cənubi Qafqazda qalıcı sülhü təsis etməyin yeganə yolu işğal altındakı Azərbaycan torpaqlarının murdar ermənilərdən təmizlənməsidir. Əks halda bölgədə sülh və sabitlik olmayacaq. Problemin başqa şəkildə çözülməsi mümkün deyil. Hesab edirəm ki, Azərbaycan da, Türkiyə də bu mövqedən qətiyyən geri durmamalıdır. Unutmayaq ki, ən böyük xəzinəmiz türklüyümüzdür. Damarında türk qanı axan hər vətəndaşımız bunun fərqində olmalıdır. Türkiyə və Azərbaycan eyni millətin qurduğu iki dövlətdir. Aramızda heç bir fərq yoxdur. Azərbaycanın ayağına dəyən daş Türkiyəyə dəymiş sayılır. Zərrə şübhəmiz yoxdur ki, Türkiyənin bütün ağrılarını da eyniylə Azərbaycan türkü qardaşlarımız çəkir. Allah Azərbaycanı, müzəffər Ordusunu qorusun, daim müzəffər etsin”.