BBC həqiqətləri dünyaya yaydı

Hər gün erməni faşizminin ifşasının canlı şahidi oluruq

BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.
Reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir. Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir. BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir. Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır: “Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar.

Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür. Hücum yerli vaxtla gecə saat 2-də baş verib. Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi? Bu suallarla Prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət etdik. Hikmət Hacıyev dedi ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir.

Telemüxbirin “Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz” sualına cavabında Prezidentin köməkçisi belə deyib: “Hazırda atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam etsə, dünyadakı bütün dövlətlər kimi bizim də özünümüdafiə hüququmuz var”. Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edib və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək “evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər” söyləyib. 

Nüfuzlu teleməkan sayılan BBC-nin hazırladığı reportajı “Şərq”ə dəyərləndirən “Milli.az” saytının baş redaktoru, siyasi ekspert Anar İmanov deyib ki, bu cür reportajların hazırlanması və dünya auditoriyasına Azərbaycan həqiqətlərinin çatdırılması çox mühümdür. Baş redaktorun sözlərinə görə, dünya bilməlidir ki, biz 21-ci əsrdə də faşistlərlə üz-üzəyik, onların aqressiyasından, işğalından əziyyət çəkirik:

“Artıq vəziyyət dəyişir. Dünya ictimaiyyətini əvvəllər aldatmaq daha asan idi, çünki xəbərlər, reportajlar az olurdu. İndi dünyada Azərbaycanın haqq səsi daha gur eşidilir, bir çox insan erməniləri mülki şəxsləri öldürən vəhşi terrorçu kimi tanımağa başlayır. BBC-nin fəaliyyətini bu məsələdə xüsusi vurğulamaq lazımdır.

Xatırladım ki, bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan BBC əməkdaşı İohan Fişerin sualları qarşısında aciz qalmışdı. Ziddiyyətli ifadələr işlədən Paşinyan bir daha biabırçı vəziyyətə düşmüşdü.

Daha sonra BBC də daxil olmaqla “Əl-Cəzirə”, “France 24”, Türkiyənin “NTV”, “TRT Haber” və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün Gəncədə oldular. Bəzi həmkarlarından fərqli olaraq, BBC dünya ictimaiyyətinə yalanları yox, həqiqətləri təqdim etdi. Ona görə də kanalın mövqeyi təqdirəlayiqdir”. 

A.İmanov qeyd edib ki, əsgərlərimiz ön cəbhədə vuruşur, torpaqlarımızı faşistlərin işğalından azad edirlər. Arxa cəbhədə isə sadə vətəndaşlarımız döyüşür:

“Onlar müxtəlif sosial şəbəkələrdə yalan təbliğatla məşgul olan erməniləri ifşa edirlər. Bir çox tanınmışlardan, dünya starlarından, təşkilatlardan Azərbaycana dəstək gəlir. Bu fəaliyyətin nəticəsində tam qələbə bizim olacaq, həm döyüşlərdə, həm də informasiya müharibəsində zəfər çalacağıq. Dünya erməni faşistlərinin yalanlarından bezib. Hər gün ermənilərin ifşasının canlı şahidi oluruq. Erməni təbliğatı artıq çöküb, çünki həqiqət həmişə yalandan üstün olub”.