Biz işimizi gördük, səsimizi çatdırdıq

İlk növbədə  ATƏT-in Minsk Qrupu Gəncə terroruna qiymət verməlidir

Humanitar atəşkəs Moskvada 11 saatlıq gərgin müzakirələr  nəticəsində əldə olunmuşdu. Bu danışıqların və atəşkəsin baş tutması üçün Ermənistan rəhbəri dəfələrlə Rusiya və digər dünya liderlərinə yalvarırdı. Lakin humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərləri yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qaldı. Dinc əhaliyə yönələn raket hücumu Ermənistanın terrorçu dövlət olması ilə bağlı dəfələrlə deyilən fikirləri bir daha təsdiqləyir.

Ermənistanın dövlət siyasətinin əsasını işğalçılıq ideologiyası təşkil edir. Bu işğalçılıq və terrorçuluq siyasətinin bariz nümunəsi kimi ermənilər oktyabrın 11-də saat 02:00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhərini  Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutdular. 

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə “Şərq”ə deyib ki, Ermənistanın bu hərəkətinin adı terrorçuluq, faşizm, müharibə cinayəti və insanlığa qarşı cinayətdir. Birlik rəhbəri bildirib ki, Ermənistan tərəfi sentyabrın 27-dən bəri davamlı olaraq 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyası xüsusən konvensiyanın müharibə zamanı mülki şəxslər ilə bağlı qaydalarını ciddi şəkildə pozur:

“Daha doğrusu, Ermənistan tərəfinin hərbi fəaliyyəti birbaşa məhz Azərbaycanın yaşayış yerləri və mülki şəxslərinə yönəlib. Gəncədə mülki şəxslərə və yaşayış yerlərinə edilən hərbi təcavüzün son bir neçə ildə beynəlxalq səviyyədə müqayisəsi yoxdur. 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyası da məhz bu cür terrorçuluq hərəkətlərinin qarşısının alınması məqsədilə qəbul edilib. Lakin təcavüzkar dövlətə bununla bağlı münasibət bildirən qurumlar da yoxdur. Gəncəyə qarşı raket hücumu və onun nəticələri ilə bağlı hər hansı sübut və dəlil toplamağa da ehtiyac yoxdur. Sadəcə, dünya ictimaiyyətindən bir qədər vicdanlı olmaq tələb olunur.

Hadisənin nəticələri haqqında dünya mətbuatında da kifayət qədər məlumat var. Çox təəssüf ki, həmsədrlərdən və onların təmsil olunduqları ölkələrdən səs çıxmadı. İlk növbədə  ATƏT-in Minsk Qrupu Gəncə terroruna qiymət verməlidir”. 

C.Hüseynzadə vurğulayıb ki, eyni zamanda beynəlxalq təşkilatlar da susqunluq nümayiş etdirirlər:

“Bu kimi münasibət cəzasızlıq mühitinin formalaşmasına şərait yaradır. Hadisə ilə bağlı ətraflı formada dünya ictimaiyyətini, beynəlxalq təşkilatları məlumatlandırmaqda davam etməliyik.

Elə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər ediblər.

Artıq müxtəlif dövlət qurumları, Milli Məclis və vətəndaş cəmiyyəti nümayəndələri  ermənilərin hərbi cinayəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətlər göndəriblər. Hesab edirəm ki, daha çox məlumatlar ötürülmədir.

Ermənilərin Gəncəyə raket zərbəsi ilə bağlı BBC, “Deutsche Welle”, “The Washington Post”, “The Gardian”, CNN, “Reuters”, “Al-Jazeera”, “Le monde”, “La Republica”, “Daily Sabah”, “Euronews”, “France 24”, “Bild” kimi məşhur media orqanlarında məlumatlar yayımlandı. Yaxın günlərdə bütün xarici ölkələrdəki səfirliklərimizdə eyni günlərdə yerli media və siyasətçilərin iştirakı ilə anım tədbirləri təşkil etmək olar. Xüsusən videomateriallar və bukletlər vasitəsi ilə daha da ətraflı məlumatlar vermək olar.

Bu terror hadisəsi çox böyük faciələri özündə əks etdirir. Məsələn, 2 valideynini itirmiş uşaqlar. Xüsusən təbliğatı bəzən bu istiqamətlərdə də qurmaq vacibdir. Eyni zamanda Minsk Qrupunun həmsədrləri olan ölkələrin Bakıdakı səfirlikləri önündə onların laqeyd münasibətinə də etiraz bildirilməlidir”.

Baş redaktorun sözlərinə görə, Azərbaycan ictimaiyyəti, xüsusən gənclər ötən günlər ərzində “twiter”də bu hadisələr ilə bağlı geniş təbliğat işləri apardılar:

“Beynəlxalq təşkilatların ikili standartları və digər ədalətə söykənməyən hərəkətləri bizi ruhdan salmamalıdır. Biz haqq işimizi və eyni zamanda ermənilər tərəfindən törədilən  terror və cinayət faktlarını bütün mümkün imkanlardan istifadə edərək beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Hesab edirəm ki, bu işdə ölkə başçısı Cənab İlham Əliyevin hər zaman xüsusi xidmətləri olub.

Xüsusən müharibə dövründə Prezidentin dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələr və bu müsahibələrdə verilən mesajlar bəzi dairələr aydın olmalıdır. Bu mesajın əsas məqamı ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyü bərpa edəcəkdir. Döyüşlərin getdiyi dövrdə Türkiyə mediasının Azərbaycanın haqq işini dünyaya  çatdırmaqda əvəzsiz xidməti oldu və bu fəaliyyət uğurla davam edir.

Demək olar ki, qardaş ölkənin aparıcı media qurumları var gücü ilə bu məlumatların yayımlanmasında öz dəstəyini ən yüksək səviyyədə göstərirlər”.