ABŞ hərbi jurnalisti: “Döyüşlər bu münaqişənin yeganə həllidir” 

Ben Minik: "Ermənistan təxribat, terror ölkəsidir"

Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi  ərazilərin geri qaytarılması üçün savaşı, İkinci Dağlıq Qarabağ müharibəsi artıq dünya mətbuatının, saytların manşetlərindədir. Dünyanın nəhəng media quruluşları hadisə yerinə gəlir, qaynar nöqtələrdən materiallar hazırlayırlar. Yerli oxucular, tamaşaçılar, demək olar, hər gün bizim vətən müharibəmizlə, otuz illik torpaq yaramızla tanış olurlar.  Bununla yanaşı, beynəlxalq ekspertlərin də əsas müzakirə mövzusu indi Dağlıq Qarabağ konfliktidir.

Dünyanın, az qala, bütün ölkələrində - Türkiyədə, Rusiyada, Gürcüstanda, Böyük Britaniyada, Fransada və digər dövlətlərin siyasi analitikləri Dağlıq Qarabağ savaşı ətrafında biri-birinə uyuşmayan müzakirələr  aparırlar. Müəyyən məqamlarda fikirlər toqquşsa da, erməni lobbisinin əlaltıları yalanlarını həqiqət donuna bükmək istəsələr də, Azərbaycanın haqq səsi də eşidilir.

“Sherg.az”  ABŞ-da fəaliyyət göstərən hərbi jurnalist Ben Miniklə əlaqə saxlayaraq Qarabağ savaşı ətrafında baş verənləri təhlilə çəkib. 

- Davam edən İkinci Dağlıq Qarabağ müharibəsi barədə nə düşünürsünüz?

- Fikrimcə, 30 il əvvəl bu müharibədən çəkinmək olardı. Birləşmiş Millətlər Təşkilatı, iki ölkə arasında sərhədləri təyin edən bəyannamələr verdi və Ermənistan beynəlxalq hüquqa hörmət qoymadı və riayət etmədi. Azərbaycanın 20 faizini işğal etdilər, bir milyondan çox insanı didərgin saldılar. Azərbaycan bu münaqişəni uzun müddət sülh yolu ilə həll etməyə cəhd göstərib. Ermənistan isə bu illər ərzində davamlı olaraq nifrət mesajını genişləndirməyə və təkan verməyə çalışıb. Nə vaxtsa Azərbaycan öz torpaqlarını və xalqını qorumalı olacaqdı. Müzakirələrin və vədlərin  işləməməsi üçün bir nöqtə var. Tərəflər həmin nöqtəyə çatıblar. Müharibə heç vaxt yaxşı məsələ deyil, sadəcə zərurətə çevrilir.

- Avropa dövlətlərinin məsələyə münasibətini necə qiymətləndirirsiniz?

- Bir çox Avropa ölkəsinin bu mövzuda mövqeyi qarışıqdır. Fransa bir daha sübut etdi ki, razılaşmalarına sadiq qalacağına inanmaq olmaz. Rusiya və Türkiyə tamamilə əks qütblərdədir. Bu vəziyyətdə inanıram ki, bir çox Avropa ölkəsi münaqişəni daha da genişləndirməmək üçün susur. Başqa sözlə desək, haqlı olanın yanında durmaq üçün cəsarətləri yoxdur. Bu, onlar üçün yeni deyil. Çünki bu yaxınlarda ABŞ-la müttəfiq olmağın mənasını unutdular və II Dünya Müharibəsindən sonra yaranan bağlar indi təhlükə altındadır.

- Bəs, rəsmi Moskvanın mövqeyi?

- Rusiya bu münaqişədə maraqlı rol oynayır. Bir tərəfdən Azərbaycanı müdafiə edir və bölgəyə sabitlik gətirən ticarəti alqışlayırlar. Digər tərəfdən, Ermənistanı dəstəkləyirlər, çünki sərhəddədirlər və yaxınlıqda hərbi obyektləri var.

- Ümumiyyətlə, Kremlin məqsədi nədir?

- Rusuiya yalnız özünü düşünür. Rəsmi Moskvanın məqsədi regionda gücünü qorumaqdır. Azərbaycan və Ermənistan arasında baş verənlər onu maraqlandırmır.

- Ermənilər məğlub olmalarına rəğmən, təxribatlarını davam etdirirlər. Qəribə deyil?

- Ermənistan dünya miqyasında insan haqlarının pozulmasından gileylənir. Halbuki, onlar döyüşləri dayandırmaq üçün bir çox fürsətlərə malik olsalar da, bunların heç birindən istifadə etmədilər. Əksinə, bunun əvəzinə, atəşkəsdən sonra da işğalçılıq siyasətlərini davam etdirdilər. Məsələ çox bəsitdir: Ermənistan təxribat, terror ölkəsidir. Və onları müdafiə edənlər də həqiqəti görməkdən imtina edirlər.
- Moskvadakı danışıqların yekunu da bunu sübut edir...

- Bəli, atəşkəs razılaşdırıldı, ancaq 45 dəqiqədən çox davam etmədi. Ermənistan ikibaşlı ilana bənzəyir. Bir tərəfdən sənə eşitmək istədiyini deyir, digər tərəfdən isə hücuma hazırlaşır.  

- Sizcə, məsələnin ən yaxşı həlli yolu hansıdır: danışıqlar, ya hərbi əməliyyatlar?

- Bu suala cavab vermək çətindir. Sülh və döyüş müharibənin həlli istiqamətində ayrı-ayrı variantlardır. Əgər tərəflər razılaşarsa, əlbəttə, danışıqlar daha yaxşıdır. Sülh özü ilə birlikdə çoxlu problemlər gətirə bilər amma açıq və ədalətli şərtlər olarsa, danışıqlar effekt verəcək. İndiki halda bunun keçərli olacağına inanmıram. Çünki ermənilər sülh istəmirlər. Ritorikaları, təxribatları ilə danışıqlara meyilli olmadıqlarını göstərirlər.

- Bəs danışıqlar hansı şərtlərlə mümkündür?

- Ermənistan təkcə hərbi qüvvələrini yox, yerli əhalisini də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çəkməlidir. Əgər bunu istəmirlərsə, danışıqlar masası arxasına keçməyə dəyməz. Məncə, danışmaqdan ötrü 30 il kifayət idi. Əgər indiyədək qarşı tərəf Azərbaycanı dinləməyibsə, bundan sonra danışıqların nəticə verəcəyinə də inanmaq olmaz. Döyüşlər bu münaqişənin yeganə həllidir.

- İnformasiya müharibəsi barədə nə deyə bilərsiniz?

- İnformasiya müharibəsi bütün dünyada gedir. Ermənistan öz saxta məlumatlarını daha çox İran və Qətər vasitəsilə dünyaya çatdırır.  Mən bu yay təsadüfən bir Ermənistan səfiri ilə qarşılaşdım, onunla söhbətləşdim. İlk cümləsindən sonadək yalan idi. Bunu özü də etiraf etdi və beləliklə, hökumətini pis vəziyyətdə qoydu. Ermənistan KİV-i təəssüf ki, dünyaya yalan satmaqda davam edir. Onlar bununla da kifayətlənmir, insan “ovu”na çıxırlar. Mənim kimi bəzi insanlar ayrı-ayrı vaxtlarda hədəfə alırlar. Bu, Ermənistanın apara biləcəyi yeganə müharibədir.