Bir olub özümüzü qorumalıyıq

Gəncədə nə qədər vətəndaşımız həlak oldu, insanların haqqı pozuldu, uşaqlar ana-atasız qaldılar

Beynəlxalq təşkilatlar yenə də Ermənistana təzyiq göstərmədilər

Qarabağ münaqişəsinə ədalətsiz yanaşma kifayət qədər üzdədir. Təəssüf ki, Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞPA-nın sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. 

Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər. Oktyabrın 11-i gecə saatlarında ermənilərin Gəncədə törətdiyi cinayət də bunun sübutudur. Hadisə nəticəsində ölənlərin sayı artıq 10-a çatıb, 35 nəfər isə yaralanıb. Rəsmi məlumata görə, yaralı olan mülki şəxslərdən 10-u məktəblidir.

Baş verənləri “Sherg.az”a dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, beynəlxalq təşkilatlar 30 ildir ki, Ermənistanın torpaqlarımızı işğal etdiyini bilir. Sadəcə boş-boşuna 4 qətnamə çıxarıblar ki, ermənilər Azərbaycan torpaqlarını qaytarsın. Amma dəyişən bir şey yoxdur. N.Cəfəroğlu bildirib ki, Ermənistan hər zamankı kimi, qəbul edilən qətnamələrə əməl etmirlər:

“Bütün beynəxalq təşkilatlar da bunu görür. Necə olur ki, hansısa dövlət qanunsuz əməllər törədəndə onlara sanksiya tətbiq edirlər. Amma Ermənistana qarşı bir dənə də olsun sanksiya yoxdur?

Bəzi beynəxalq təşkilatlar Gəncədə baş verənlərin faşizm olduğunu dedilər. Amma həmin təşkilatlar Azərbaycanda siyasi məhbus olan kimi ölkəmizin üstünə gəlirlər.

Gəncədə nə qədər vətəndaşımız həlak oldu, insanların haqqı pozuldu, uşaqlar ana-atasız qaldılar. Beynəlxalq təşkilatlar yenə də Ermənistana təzyiq göstərmədilər. Görünən odur ki, bir olub özümüzü qorumalıyıq. Bəzi dövlətlər Ermənistana dəstək olurlar. Ona görə də özümüz-öz müqəddəratımızı həll etməliyik.

Çünki heç kəs bizi Ermənistanın faşizmindən xilas etməyəcək”.