Xarici dil bilən vətəndaşlara ÇAĞIRIŞ: “İndi haqq səsimizi dünyaya çatdıraq" – Aktiv olun !  

“Mütəxəssislərimiz, alimlərimiz bildikləri dildə məqalələr yazaraq dünyanın aparıcı KİV-də dərc etdirməlidirlər”

“Həmin adamlar bu məqsədlə Xarici İşlər Nazirliyindən kömək də istəyə bilərlər. Əsas odur ki, nəticə olsun, beynəlxalq arenaya çıxa bilək”

Düşmənlərimizin nə qədər riyakar, aqressiv olduqları hər kəsə məlumdur. Onlar müharibə qaydalarını pozaraq mülki əhalini vurmaqla yanaşı, həm də saxta xəbərlər yayır, əhali arasında çaşqınlıq yaratmağa cəhd göstərirlər. Belə bir məqamda təkcə Azərbaycanın KİV-in yox, eləcə də əcnəbi dili bilən vətəndaşlarımızın üzərinə çox böyük məsuliyyət düşür: işğalçıya adekvat cavab vermək, haqq səsimizi dünyaya çatdırmaq.

 Danılmaz faktdır ki, ölkədə müxtəlif xarici dilləri, o cümlədən rus, ingilis, fransız, ərəb...dillərini bilən yüzlərlə mütəxəssis var. Elə isə nəyi gözləyirik? Növbəti otuz ilin başlanmasını?!

 Millət vəkili Razi Nurullayev bu barədə “Sherg.az”a danışıb. O, sözügedən məsələdə  diqqətli olmağımızı düşünür: 

“Mediada kifayət qədər fəalıq, taleyüklü məsələləri qaldırırıq. Amma bir çox hallarda özümüz deyib, özümüz eşidirik. Hərçənd ki, dediklərimizin hamısını biz bilirik. İndi səsimizi dünyaya çatdırmalıyıq.

Azərbaycanda xaricidilli televiziyaların yaradılması çox yaxşı olar. Əcnəbi dillərdə verilişlər hazırlansın, sonra onlar “Youtube” platformasında paylaşılsın.

Həmçinin “Vikipediya” platformasında da xarici dil tətbiq edilməlidir. Mütəxəssislərimiz, alimlərimiz bildikləri dildə məqalələr yazaraq dünyanın aparıcı KİV-də dərc etdirməlidirlər.

Həmin adamlar bu məqsədlə Xarici İşlər Nazirliyindən kömək də istəyə bilərlər. Əsas odur ki, nəticə olsun, beynəlxalq arenaya çıxa bilək”.