Kreml Azərbaycana təzyiqi artırıb! - “Masada Rusiya varsa, mütləq Türkiyə də olmalıdır” 

“Moskvanın məqsədi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını dayandırmaq və Ermənistanı ağır məğlubiyyətdən xilas etməkdir”
 
“Ermənistan və Rusiya sülhməramlıları bölgədə yerləşdirmək istəyir. Ancaq biz buna razı deyiliksə, müddəalarını zorla qəbul etdirə bilməzlər”

“Bundan sonra Türkiyəsiz masada oturmaq Azərbaycanın maraqlarına cavab verməyəcək” 


 Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlər üçün geniş mətbuat konfransı keçirib. Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb.

“Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənistan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur.  Sonra Ermənistan ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülhməramlılar bölgədə sülhü təmin edəcək”,- deyə Lavrov deyib.

O, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib.

“İndi son baş verən qanlı toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək”- deyə Lavrov vurğulayıb..

 Nazir, həmçinin Moskvanın rəsmi Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qəbul etmədiyini də deyib.Rusiyanın baş diplomatı “Türkiyəni heç vaxt strateji tərəfdaşımız kimi təsnif etməmişik”-deyə bu ölkə ilə münasibətləri xarakterizə edib. 

Lavrovun açıqlamasını “Sherg.az”a şərh edən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Kremlin Azərbaycana təzyiqinin artdığını düşünür: 

“Prezidentin köməkçisi Hikmət Hacıyev son mətbuat konfransında Azərbaycan hakimiyyətinə təzyiqin olduğunu gizlətmədi. Söhbətin Rusiyadan getdiyi aydındır. Kreml müharibənin ilk günlərində prosesə müdaxilə etmədi, hətta prezident Vladimir Putin jurnalistin sualına cavab olaraq “müharibə Ermənistanda getmir ki” deməklə sanki məsələyə aydınlıq gətirdi. Ancaq müharibənin başlandığı ilk günlərdə “Atlas” Araşdırmalar Mərkəzi sonrakı mərhələdə Rusiyanın Azərbaycana yönəlik təzyiqlərin artacağını ehtimal etmişdi.

Birincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov son müsahibəsində deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının yerləşdirilməsi vacibdir. Bunu işğalçı Ermənistan da istəyir. Ancaq bu Azərbaycanın maraqlarına cavab vermir. 

Sülhməramlılar mövzusunu gündəmə gətirənlər münaqişəni dondurmaq, işğalın ömrünü uzatmaq istəyirlər. 
Digər tərəfdən rusiyalı hərbçilər Dağlıq Qarabağda yerləşdirilsə, onlar bir daha torpaqlarımızı tərk etməyəcəklər. 

Bu isə bizə gələcəkdə daha ağır problemlər yaradacaq. Gürcüstan 2008-ci ildə Cənubi Osetiyanı ram etmək istədi, qarşısını məhz həmin rusiyalı sülhməramlılar kəsdilər, nəticədə Moskva Gürcüstana qarşı müharibəni genişləndirdi, Cənubi Osetiyanın “müstəqilliyini” tanıdı və bu bölgədə hərbi bazaları yaratdı. Başqa sözlə, Gürcüstan Cənubi Osetiyanı, o cümlədən Abxaziyanı itirdi. 

Eyni səhvi biz təkrarlaya bilmərik. Münaqişənin danışıqlar mərhələsində nə zamansa sülhməramlılar mövzusu müzakirə olunarsa, neytral dövlətlərin, məsələn Skandinaviya, Baltikyanı və ya Şərqi Avropa ölkələrinin hərbçilərinin bölgəyə gəlişini müzakirə etmək olar.
Bu, ATƏT-in 1994-cü ildəki Budapeşt sammitinin qərarına da uyğundur. Sənəddə göstərilir ki, sülhməramlıların tərkibi neytral dövlətlərdən formalaşmalıdır”.

E.Şahinoğlu, həmçinin rəsmi Moskvanın məqsədini də açıqlayıb: 

“İkincisi, Lavrovun “bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi vacibdir” açıqlamasının yayınlandığı saatlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışığı aparıb. 
Sergey Şoyqu telefon danışığı zamanı oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib. Bunun çağırış və ya tələb olduğunu söyləmək çətindir. 

2016-cı ilin aprelində də məhz Şoyqnunun Bakıya zəngindən sonra ordumuzun hücumu dayandırıldı, halbuki daha çox ərazini işğaldan azad edə bilərdik. Beləliklə, Kreml Lavrov və Şoyqu vasitəsilə Azərbaycana təzyiqi artırıb. Moskvanın məqsədi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarını dayandırmaq və Ermənistanı ağır məğlubiyyətdən xilas etməkdir. 

Ermənistan və Rusiya sülhməramlıları bölgədə yerləşdirmək istəyir. Ancaq biz buna razı deyiliksə, müddəalarını zorla qəbul etdirə bilməzlər”.

 
Politoloq, İkinci Dağlıq Qarabağ müharibəsində Türkiyənin mövqeyindən də danışıb:

“Rusiyanın Azərbaycana artan təzyiqi Ankaranı da narahat etməyə başlayıb. Moskvada nazirlər görüşərkən Ankaradan belə bir açıqlama gəldi: “Üçüncü dövlət müdaxilə edərsə,  Türkiyə ordusu Dağlıq Qarabağa daxil olar”. Bu Moskvaya mesaj idi. Türkiyədə hakimiyyətin ortağı olan Milliyətçi Hərəkat Partiyasını lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında hamıya mesaj yollayıb: “Atəşkəsin və danışıqların vaxtı deyil, işğalçı Ermənistanı başından əzmək lazımdır”. Bu, bizə də mesajdır ki, Türkiyə olmadan Rusiyanın birtərəfli vasitəçiliyini qəbul etmək olmaz. Bakı kimi Ankara da münaqişənin hərbi yolla həllini dəstəkləyir. Sergey Lavrov müsahibəsində müharibənin davamıyla bağlı Türkiyənin siyasətini bölüşmədiklərini bildirib. Elə Lavrovun bu münasibəti bizə onu diqtə edir ki, Rusiyanın təktərəfli vasitəçiliyi Azərbaycanın maraqlarına cavab vermir. Rusiya bir tərəfdən “məsələ danışıqlar yoluyla həll edilməlidir” deyərkən, digər tərəfdən Ermənistana “humanitar yük” adıyla hərbi texnika daşımaqda davam edir. Azərbaycan ordusu isə işğal altındakı bölgələrimizdə həmin texnikanı zərərsizləşdirməklə məşğuldur”.

Ekspert konfliktin formatının dəyişməsini də istisna etmir:

“Əlbəttə, hansısa mərhələdə danışıqlar zəruri olacaq. Ancaq həmin mərhələyə qədər Azərbaycan ordusu daha böyük əraziləri işğaldan azad etməlidir ki, masada şərtlərimizi diqtə edə bilək. 

Digər tərəfdən həmsədrlər formatı artıq işləmir. “Atlas” Araşdırmalar Mərkəzinin keçmiş illərdə yayımladığı analizlərdə danışıqların 2 + 2- Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya formatını təklif edib. 

Bu format hazırda xeyli aktualdır. Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın da son açıqlamasında bu formulu təklif edib və bunu belə əsaslandırıb: 
“Rusiya Ermənistanı dəstəkləyirsə, Türkiyə də Azərbaycanı dəstəkləyir, deməli, masada 4 ölkə olmalıdır”.
Rusiya və Türkiyə Suriya probleminin həllində də eyni formuldan istifadə ediblər. Ermənistan hakimiyyəti kimi Suriya rejimi də masada Türkiyəni istəmirdi, ancaq bu Dəməşqin istəyindən asılı olmadı, Moskva və Tehran Türkiyənin masada olmasını qəbul etdilər.

 Rusiya və Türkiyənin Cənubi Qafqaza təsir imkanları genişdir, masada Rusiya varsa, mütləq Türkiyə də olmalıdır.  Bundan sonra Türkiyəsiz masada oturmaq Azərbaycanın maraqlarına cavab verməyəcək. Türkiyənin masada olması Azərbaycana artan təzyiqlərin neytrallaşdırılması deməkdir”.