Putinin alternativi qalmayıb ! - “Ərdoğana zəng edib... !” - Dilemma ! 

“Kremlin açıqlamaları, bəyanatları ilə atdığı addımlar ziddiyət təşkil edir”

“Amma son sözü isə dövlət başçıları deyəcək”


 “Rusiyanın xarici işlər və müdafiə nazirləri Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı türkiyəli həmkarlarıyla telefonla danışmaq məcburiyyətində qaldılar. Növbə Kreml sahibi Vladimir Putinindir. Rusiya prezidenti nə qədər Türkiyəni Cənubi Qafqazda görmək istəməsə də, o, prezident Rəcəb Tayyib Ərdoğana zəng edib mövcud durumu türkiyəli həmkarları ilə müzakirə edəcək. Putinin başqa alternativi qalmayıb”. 

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün “Facebook” hesabında yazıb. Bu, onu deməyə əsas verir ki, Rusiya artıq bölgədə Türkiyə faktoru ilə hesablaşır. Elə isə dövlət başçıları səviyyəsində görüş nə ilə nəticələnəcək? Hansı məqamlar müzakirə masasına çıxarılacaq?

 Bu barədə “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə məsələni belə izah edib:

“Şərtlər açıq-aydındır. Danışıqlar da məhz bu şərtlər ətrafında olacaq. Azərbaycan tərəfinin tələbi və Türkiyənin israrlı təklifləri erməni ordusunun Dağlıq Qarabağdan çıxarılmasından ibarətdir. Rəsmi Moskva son günlər bunun qarşılığında sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsini gündəmə gətirir.

Düşünürəm ki, iki məqam bir-biri ilə uzlaşır və eyni konteksdə müzakirə olunur.

Amma bunu hazırkı şəraitdə real hesab etmirəm. Baza prinsiplərinə əsasən, sülhməramlılar qaçqın və köçkünlər öz torpaqlarına qayıtdıqdan və onlarla bağlı məsələnin bütün parametrləri müəyyənləşdikdən sonra əraziyə gətirilir.

Kremlin açıqlamaları, bəyanatları ilə atdığı addımlar ziddiyət təşkil edir. Amma bu, o qədər də vacib deyil. Siyasi vəziyyət tez-tez dəyişir. Son sözü isə dövlət başçıları deyəcək”.