Hər kəsin bir borcu var

Əhalinin sağlamlığının qorunması həm güclü əsgər, həm də güclü vətəndaş deməkdir

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilməkdədir. Yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişərək sanitar-epidemioloji durumu günü-gündən pisləşdirir. Sentyabrın 27-dən Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutduraraq arxa plana keçirdi.

Xüsusilə qeyd etmək lazımdır ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm güclü əsgər, həm də güclü vətəndaş deməkdir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim Murad Məmmədli  bildirib ki, vətəndaşlarımızın koronavirusa bu cür laqeyd münasibəti milli ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər.

O vurğulayıb ki,  bu gün ordumuza dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə onların sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir:

"Bildiyimiz kimi, bir çox həkimlərimiz əsgərlərimizə xidmət etmək üçün könüllü olaraq milli orduya yazılıb. Bu gün bizim üçün vacib olan işğal olunmuş torpaqlarımızın birdəfəlik ermənilərin işğalından azad olunmasıdır.

Hər bir tibb işçisi canla-başla Vətənə xidmət etmək üçün səfərbər olub. Buna görə də vətəndaşlarımızdan son dərəcə xahiş edirəm ki, bu işdə hər kəs üzərinə düşən məsuliyyəti dərk etsin.

İlk növbədə unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmalıyıq.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə, biz  ilk növbədə cəbhədə döyüşən əsgərlərimizin sağlamlığını qoruya bilərik. İnanıram ki, bu işdə Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq və hər iki cəbhədə olan düşmənə qalib gəlmək üçün fürsət verməyəcək".