İctimai nəqliyyatda vəziyyət çox acınacaqlıdır

Nə qədər ki, təmas var, yoluxma da o qədər çox olacaq

Hər bir vətəndaşımız olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalıdır

Şəkidə karantin rejimi ilə əlaqədar polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Şərq"ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən gecə 00:00-dan etibarən Şəki şəhəri və rayonunun Kiş kəndinin giriş-çıxışlarında postlar qurulub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparılır. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb. Bundan əlavə şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, son zamanlar bir çox rayonlarımızda koronavirusa yoluxma faktı aşkar olunmaqdadır.

Onun sözlərinə görə, bunun başlıca səbəbi insanların bir-biri ilə yaxın təmasda olması ilə əlaqədardır:

"Bir çox rayonlarımızda insanlar maska taxmır, sosial məsafə gözləmir, bir sözlə, karantin qaydalarına riayət etmirlər. Nəzər yetirsək görərik ki, insanlar özləri sanitar-epidemioloji vəziyyətə riayət etməkdə maraqlı deyillər. İctimai nəqliyyatda vəziyyət çox acınacaqlıdır. Koronavirusun yayılmasının başlıca səbəbi karantin davranışlarına riayət olunmamasından irəli gəlir. Nə qədər ki, təmas var, yoluxma da o qədər çox olacaq". 

A.Qeybulla vurğulayıb ki, baxmayaraq ki, koronavirus mutasiyaya uğrayaraq zəifləyib, amma yoluxma potensialı yüksək olaraq qalmaqdadır:

"Düzdür, son zamanlar virusun gedişinin nisbətən yüngül olmasını müşahidə edirik.  Amma nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı elan etməyib, insanlar karantin qaydalarını gözləməlidir.

Başlıca olaraq, məsuliyyətsiz insanlar bu yoluxmanın əsasında dayanırlar. Şəkidə və Salyanda yoluxma daha çox olduğuna görə, bu ərazilər karantin altına alındı. Şəki şəhəri turist zonası olduğundan, insanların burada virusa yoluxma ehtimalı da yüksəkdir.

Amma bunlarla yanaşı əksər rayonlarımızda koronavirusa yoluxma faktı var. Bilirik ki, bu gün əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir.

Ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin deyil. Tövsiyə edirəm ki, hər bir vətəndaşımız olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı və qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir".