Saxta içkidən 7 nəfər öldü

Acınacaqlısı isə odur ki,  insanlar öz evlərində bu içkiləri hazırlayırlar

İstanbulda saxta spirt səbəbiylə zəhərlənmə nəticəsində ölənlərin sayı 7-yə çatıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Zonquldakda 1, İstanbul, İzmir, Mersin, Kırıkkale, Trabzon, Zonguldak, Muğla və Aydından isə, ümumilikdə, 45 nəfər saxta içki içərək həyatını itirib. Saxta içkinin "bulanıq görmə" kimi şikayətlə ortaya çıxdığını bildirən prof. dr. Əhməd Aydın qeyd edib ki, saxta və adi içki arasındakı fərqi anlamaq o qədər mümkün deyil. O bildirib ki, insanlar bulanıq gördükləri andan etibarən mütləq hər hansı bir sağlamlıq müəssisəsinə müraciət etməlidirlər: "Çünki bir çay stəkanının dibindəki 15 mililitr saf metil spirt insanı öldürmək üçün kifayətdir. Yalnız İstanbulda aparılan əməliyyatlar zamanı  12 min ton 360 litr etil spirt və 2393 litr saxta içki ələ keçirilib".

Saxta içkilərdə metil və normal içkilərdə etil spirtinin olduğunu bildirən prof. dr. Əhməd Aydın onların bir-birindən necə fərqləndiyi barədə danışıb:

"Öldürən saxta içkinin tərkibində metil spirti var. Halbuki, normal içkilərin içərisində etil spirti olur. İçkinin etil və ya metil spirtdən hazırlandığını ayırd etmək isə mümkün deyil. Əgər içki metil spirt ilə hazırlanıbsa, nəticə həqiqətən ölüm olur. Yaxud da ki, ölüm ehtimalı uzaq olmayan  bir zəhərlənmə baş verir .

Həm etil, həm də metil spirti insanlarda "mərkəzi sinir sistemi depressiyası" adlanan intoksikasiya vəziyyətinə səbəb olur. Etil spirtində bu, bir müddət sonra aradan qalxır, amma metil spirtində bu daha uzun çəkir.

Saxta içki ilə zəhərlənmənin  əsas əlaməti gözlərlə əlaqəli olur.  Çünki kiçik miqdarda alkoqol belə gözə zərər verə bilir. Bu kritik dövrdə mümkün qədər alkoqoldan çəkinmək lazımdır. Bu spirtləri ancaq laboratoriya mühitində müəyyənləşdirmək mümkündür.

Bu gün bir sıra saxtakarlar o qədər peşəkarcasına işləyir ki, onun etiketi və şüşəsini belə  təqlid edirlər. Buna görə çox diqqətli olmaq lazımdır. Bununla yanaşı, daha acınacaqlısı isə odur ki,  insanlar öz evlərində bu içkiləri hazırlayırlar".