Danışıqlar mənasızdır

Ermənistana bütün təlimatlar Kremldən gəlir

Lavrovun rəhbərliyi ilə keçirilən bütün görüşlərdən düşünmədən imtina edilməlidir


Ötən gün Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşən Ermənistan XİN başçısı Zohrab Mnatsakanyan İrəvanın işğalçı mövqeyini və yalan üzərində qurulmuş siyasətini növbəti dəfə gündəmə gətirib. Dağlıq Qarabağın hazırda “təhdid altında” olduğunu uyduran erməni nazir “atəşkəsi yoxlama mexanimzlərindən” Azərbaycan tərəfinin imtina etdiyini iddia edib. Nazirin sözlərinə görə, təklifdən imtina edən Ermənistan tərəfi deyil, ona görə də o, Ermənistanın və ya Qarabağın ünvanına hansısa ittihamları qəbul edə bilməzmiş.

Mnatsakanyan bir daha elan edib ki, Ermənistan “Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı olaraq qalır. İkiüzlü Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan RBK-ya müsahibəsində tamamilə fərqli prizmadan çıxış edib. Erməni nazir bu dəfə vurğulayıb ki, Qarabağı sülh prosesindən uzaqlaşdırmaq mümkün deyil. İrəvan “Xankəndi”yə komanda verə bilməz. O, Xankəndinin danışıqlarda iştirak etməməsinin mümkünsüz olduğunu və bunun ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən guya anlaşıldığını bildirib:

“Qarabağın masa arxasında oturmaması bizim onun nümayəndələri ilə işləməməyimiz anlamına gəlmir. Əgər kimsə güman edirsə ki, biz Qarabağa zəng edib, komanda veririk, o zaman Ermənistanla Qarabağ barədə təsəvvürə sahib deyil”. 

Qeyd edək ki, Moskva danışıqlarında Ermənistan danışıqlar formatının dəyişdirilməsinə cəhdlərdən imtina etməsi öhdəliyini götürsə də, hər fürsətdə “dqr”dən tərəf kimi danışmaqda davam edir. Bu isə Ermənistanın sözünə və imzasına hörmət etmədiyinin daha bir görüntüsüdür. Yenidən Rusiyanın qanadları altına sığınan Ermənistan hakimiyyəti atəşkəsin ilk günündəcə Gəncəyə, dinc Azərbaycan əhalisinə zərbə endirməklə atəşkəsin sülh danışıqları prosesinə çevrilməsinin qarşısını birdəfəlik aldı. 



Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyanın absurd və riyakar açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirlikdən “Şərq”ə verilən açıqlamada vurğulanıb ki, Mnatsakanyanın Rusiyaya rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapıb.

Bu məqamlar Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür. Azərbaycan XİN-i xatırladıb ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı başlanılan hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti addımıdır. Suveren bir dövlət olaraq, Azərbaycan Respublikası, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar də daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. 27 sentyabrdan etibarən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs öldü və 206 nəfər yaralandı, 1479 evlər, 66 coxmənzilli yaşayış binaları və 241 infrastruktur obyektləri dağıdıldı. Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi. 

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə bir Azərbaycan tibbi personalı ağır yaralandı. Bundan əlavə, 11 oktyabr tarixində gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə-yeksan etdi. 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu. 

Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi, öz növbəsində dərhal Moskva görüşünün bəyanatının birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı. Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT qərarlarının, eləcə də Moskva görüşü bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir. 

Ermənistan tərəfinin siyasi riyakarlığı ilə bağlı “Şərq”ə danışan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, XİN başçısı Mnatsakanyanın Rusiyada fərqli və ziddiyyətli açıqlamalar verməsi işğalçı ölkənin çıxılmaz vəziyyətdə olduğunu göstərir. Analitikin sözlərinə görə, Ermənistan hərbi sahədə ciddi zərbələr aldıqca, məğlubiyyətə uğradıqca, təcavüzkar ölkənin manevr imkanları tükənir:

“Məsələ ondadır ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytarmaq imkanına sahib deyil. İrəvan hökuməti anlayır ki, belə bir qərar Paşinyanın sonu olacaq. Ermənistan tərəfi müxtəlif metodlarla məsuliyyəti öz üzərindən atmağa çalışır. Əgər bu gün Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan Ermənistan silahlı qüvvələridirsə, necə olur ki, İrəvan separatçı rejimə söz keçirə bilmir?! Qondarma prezident seçkisində Ermənistanın bu məsələdə nə qədər siyasi rol oynadığı bariz şəkildə ortaya çıxdı. Terrorçu rejimin başında duran Araik Arutyunyanın bilavasitə Paşinyanın əmrlərini icra etdiyini hamı çox yaxşı bilir. Erməni hökuməti indidən çalışır ki, gələcəkdə Qarabağdakı ağır məğlubiyyətin hesabını vermək məcburiyyətində qalmasın. Məhz bu hesabatdan qaçmaq üçün nala-mıxa vururlar, bir-birinə zidd bəyanatlar səsləndirirlər. Həm də müharibədən öncə İrəvan hökuməti xalq arasında təbliğat aparırdı ki, guya artıq Mosva Ermənistana deyil, Azərbaycana “dəstək” verir, Bakıya silah satır. Eyni zamanda erməni silahlı qüvvələri təkcə Azərbaycan Ordusuna deyil, Türkiyənin hərbi güclərinə qarşı da “vuruşur”. Erməni ictimai rəyi üçün aylar öncədən bu cür tezislər hazırlanıb. Hökumət hesab edir ki, Qarabağ müharibəsində məruz qaldıqları məğlubiyyətə görə ciddi ictimai qınağa tuş gəlməyəcəklər. Lakin artıq indidən erməni ictimaiyyəti baş verənlərə görə bacarıqsız Paşinyanı ittiham etməyə başlayıb. Çünki məğlubiyyətlə davam edən hərbi əməliyyatlar məhz Paşinyanın yarıtmaz siyasəti, sərsəm bəyanatları səbəbindən başlayıb və geniş vüsət alıb”. 

N.Miri qeyd edib ki, Mnatsakanyanın üçlü görüşdən dərhal sonra Rusiyaya təcili çağrılması, yaxud özünün Moskvaya getməsi XİN rəhbəri Lavrovdan konkret təlimatlar alması ilə əlaqədardır:

“Anti-Azərbaycan prosesinin və Rusiyadakı erməni lobbisinin başında birbaşa Lavrov dayanır. Bunu açıq etiraf etmək lazımdır. Erməni lobbisi Lavrovun dirijor çubuqları ilə hərəkət edir. İcazəsiz heç bir addım atmırlar. Bir gün ərzində 24 mülki təyyarə ilə Rusiyadan Ermənistana silah daşınmasını kim təşkil edib? Kim göstəriş verib? Erməni iş adamları da məsələyə xeyli maliyyə xərcləyiblər. Ancaq məsələnin sifarişçisi bizə bəllidir. Ermənistana kütləvi şəkildə silah daşınır. Silahlar müəyyən hərbi bazalardan göndərilir. Gözləyirdik ki, bunun izini itirmək üçün Rusiyanın hansısa silah anbarında “partlayış” baş verəcək. Ötən gün Rostov ətrafında böyük partlayış yaşandı və gözləntilərimiz özünü doğrultdu. Silah bazasında məlum yanğın Ermənistana silah-sursat göndərilməsini ört-basdır etmək üçündür”. 

Politoloq vurğulayıb ki, Mnatsakanyan Kremldən yeni təyinatları almaq üçün Moskvaya çağırılıb və müəyyən əmrlərlə geri dönüb:

“Sizi əmin edirəm, nə qədər ki, Sergey Lavrov Rusiyada nazir postundadır, Qarabağ probleminin ədalətli həllini gözləmək əbəsdir. Özümüzü aldatmayaq. Lavrovun rəhbərliyi və iştirakçılığı ilə keçirilən istənilən görüşdən Azərbaycan tərəfi düşünmədən birmənalı imtina etməlidir. Gəncənin ballistik raketlə vurulması Lavrovun təşəbbüsü ilə baş tutan “atəşkəs” anlaşmasından sonra baş verdi. Hesab edirsiz ki, Kreml yaşanan proseslərdən xəbərsizdir?! İrəvan bütün təlimatlarını, harada hansı addım atacağı ilə bağlı göstərişləri Moskvadan alır.

Əgər bundan sonra Azərbaycan ərazisində növbəti təxribatçı addım atılarsa, əmin olun ki, bu təlimat da birbaşa Rusiyadan gəlib. Bu gün Rusiya mediasında anti-Azərbaycan proqramlar yayımlanır. Bu məsələnin arxasında da Ermənistana dəstək verən, təlimat göndərən güclər dayanır. Solovyov kimi qərəzli şəxslər Azərbaycana qarşı sadəcə öz düşüncələrini ifadə etmirlər. Belə adamlar eyni zamanda Rusiyanın siyasi dairələrinin mövqeyini diqqətə çatdırırlar.

Rusiyanın Ermənistana hərtərəfli dəstək verdiyini, əsla Azərbaycanın haqq davasını müdafiə etməyəcəyini bilməliyik. Moskva tərəfindən atılan bütün addımlar bunu iddia etməyə əsas verir”.