“Prezidentin müsahibələri tarixi sənəddir” – İddialara sərrast cavablar !

“Ermənistan hərbi-siyasi hakimiyyəti dünya ermənilərinə müraciət edərək müharibədə iştiraka çağırır"


“İndi işğalçı ordusundakı 100 nəfərdən 50, 60-ı qeyri-millətlərin, qeyri-dövlətlərin nümayəndələridirlər”

“Yəni düşmən ordusu bütünlüklə quldurlardan ibarətdir”




“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bu barədə danışıb və ondan məsələ ilə bağlı dəlil tələb edib:

“Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır”.

Bu barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədovun fikrincə, dövlət başçısnın bu nitqləri bizi istəməyənlərə ən böyük zərbədir: 

“Sentyabr ayının 27-dən davam edən əks-hücum əməliyyatları zamanı prezidentin xalq qarşısındakı çıxışları və dünyanın nüfuzlu KİV-inə, o cümlədən telekanallarına müsahibələri tarixi sənəddir.

Dövlət başçımız səsləndirdiyi fikirləri ilə mövqeyimizi dəqiq ifadə etməklə yanaşı, həm də haqsız mövqedən çıxış edənlərə sərrast cavab verir. Bu gün ədalətli mövqedə olanlar Azərbaycanın haqq səsini eşidənlərdir. Bilmək lazımdır ki, Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Deməli, qələbə gec-tez bizimlə olacaq”.

E.Məmmədov, həmçinin bizi istəməyənlərin xainliklərindən, yalanlarından da söz açıb:

“Prezidentin öz müsahibəsində də dediyi kimi, bəli, biz Türkiyədən silah alırıq. Amma təkcə Türkiyədən yox, ən müasir silah ixracatçılarından. Pulumuzu verib silah alırıq.

Burda gizlədiləsi nə var ki? Amma Ermənistanın silah almağa pulu yoxdur. O, sadəcə dilənir. Ya da bəzi dövlətlər işğalçıya peşkəş edirlər. İkinci bir tərəfdən isə, Azərbaycanın 100 minlik nizami ordusu var. Hələ könüllüləri, səfərbərliyə çağırılanları demirəm. Ermənistanın əhalisi isə cəmi milyon yarımdır.

Əsgər çatışmazlığından əziyyət çəkirlər. Ona görə də yaşlıları, qadınları döyüşə cəlb etməklə kifayətlənməyib, hətta muzdluları da cəlb edirlər. Bununla kifayətlənməyən Ermənistan hərbi-siyasi hakimiyyəti dünya ermənilərinə müraciət edərək müharibədə iştiraka çağırıb.

İndi işğalçı ordusundakı 100 nəfərdən 50, 60-ı qeyri-millətlərin, qeyri-dövlətlərin nümayəndələridirlər. Yəni düşmən ordusu bütünlüklə quldurlardan ibarətdir. Onların sərsəm fikirləri isə yalan və böhtandan başqa bir şey deyil”.