Zelenskinin Türkiyə səfəri: “Üçtərəfli format yaranır” 

“Rusiya amili Azərbaycanla Ukraynanı yaxınlaşdırır”

“Çünki hər iki dövlət rus imperializminə görə kifayət qədər əziyyət çəkib”

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr öz növbəsində Azərbaycan- Ukrayna münasibətlərinə də təsir göstərir”

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə iki günlük rəsmi səfər edəcək.
Oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.
Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.



Tərəflər arasında görüşü “Sherg.az”a şərh Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli danışıqları şərtləndirən məqamları sadalayıb: 

“Görüş ilk növbədə regiondakı vəziyyətin və geostarateji maraqların dəyişməsi ilə əlaqədardır. Həmçinin tərəflərin eyni mövqedən çıxış etməsi xarici siyasət sahəsində, xüsusilə Qara dənizdə maraqların toqquşması ilə bağlıdır. Hər halda bu iki dövlət arasında strateji müttəfiqlik var. Və Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr öz növbəsində Azərbaycan- Ukrayna münasibətlərinə də təsir göstərir. Beləliklə, üçtərəfli  format yaranır. İkinci bir tərəfdən Rusiya amili Azərbaycanla Ukraynanı yaxınlaşdırır. Çünki hər iki dövlət rus imperializminə görə kifayət qədər əziyyət çəkib.

Onu da deyim ki, biz sentyabr ayının 27-dən davam edən və beynəlxalq güclərin təsir və təzyiqləri ilə müşahidə  olunan əks-hücum əməliyyatlarında rəsmi Kiyevin haqq səsimizi eşitdiyini bariz şəkildə gördük.

Sözügedən görüşə həm də Dağlıq Qarabağ müharibəsi ilə bağlı Ərdoğan və Putin arasındakı telefon danışıqları kontekstindən yanaşmaq lazımdır.

Növbəti məqam isə ondan ibarətdir ki, son iki ildə rəsmi Ankaranın silah bazarındakı üstünlüyü, xüsusilə dron və bayraqdarları türk silahlarına maraq göstərən digər ölkələr kimi, Ukraynanın da Dağlıq Qarabağdakı hadisələri yaxından izləməsinə gətirib çıxarır. Türk dronları artıq ağır texnikanı, o cümlədən tankları üstələyib”.

Ə.Əlibəylinin fikrincə, Ukrayna Rusiyaya radikal münasibət göstərir:

“Bizim münasibətlərimiz isə belə deyil. Azərbaycan rəsmi Moskva ilə “dil tapmağa” çalışır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yönəlik müsbət impulslardan yararlanmaq istəyirik. Bu, üstünlükdür. Üstəgəl,  qarşılıqlı əməkdaşlıq üçün də geniş imkanlar var. Odur ki, Kremlə münasibətə Türkiyənin bu dövlətə olan rakursundan yanaşmaq lazmıdır. İndi Rusiya ilə Türkiyə arasında danışıqlar gedir, Dağlıq Qarabağ barədə fikir mübadiləsi aparılır. Rəsmi Moskva, yəqin ki, müəyyən məqamlarda güzəştə getməyə də razıdır”.