Universitetlərimiz kadrlar hazırlamalıdır

Ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq


"Hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Böyük Vətən müharibəsi də mahiyyətcə “dron müharibəsidir”. Böyük Vətən müharibəsində Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur:

"Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə həm mühəndis-elektroniklərə, həm də dronları idarə edən “Dron operatoru” və ya “Dron pilotu”na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayırlar. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində olan iki kollecin də növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlayacağı bildirilib. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə, bu sahənin inkişafına böyük töhfələr verə bilər".

O.Gündüz qeyd edib ki, hazırda ölkəmizdə dronlarla bağlı məhdudiyyətlər var: "Dron gətirmək üçün ən azı 6 dövlət qurumu icazə verməlidir. Ümid edirəm ki, gələn ildən dronlar ölkəmizdə mülki dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısından çıxarılacaq".

Aynurə Pənahqızı