ABŞ-ın Qarabağ sükutu...

Donald Tramp danışsa, Azərbaycanla əməkdaşlığa üstünlük verəcək

Digər faktor isə Azərbaycanı dəstəkləyən İsrail dövlətinin və yəhudi lobbisinin ABŞ-a təsir imkanlarıdır


Cənubi Qafqazda 20 günə yaxındır davam edən münaqişə ilə bağlı ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri - Fransa ilk gündən ermənipərəst mövqeyini ortaya qoydu. Rəsmi Paris və Prezident Emmanuel Makron absurd bəyanatlarla işğalçı Ermənistanın tərəfində dayandıqlarını göstərdi. Bu azmış kimi işğala məruz qalmış Azərbaycana qarşı əsassız ittihamlar da səsləndirildi. Bir müddət susqunluq nümayiş etdirən digər həmsədr dövlət - Rusiya hərbi əməliyyatlara yanaşmasını açıqladı. Sonrakı günlərdə Kremldən ziddiyyətli bəyanatlar gəlsə də, Moskva ümumən proseslərin içində olduğunu nümayiş etdirdi. Ancaq maraqlıdır ki, bugünədək üçüncü vasitəçi ölkədən, ABŞ-dan hələ də səs-səmir çıxmır.

Daha doğrusu, Amerika dövləti Minsk Qrupu çərçivəsində bəyanata imza atsa da, konkret Donald Tramp administrasiyasından reaksiya gəlmir. Qeyri-rəsmi açıqlamalar, üç-beş amerikalı konqresin, siyasi ekspertin məsələyə dair fikirləri istisna olmaqla, Vaşinqton sükutunu qoruyur. Hətta bu susqunluq Amerikadakı ermənilər tərəfindən sərt etiraza səbəb olub.

“The Hill” nəşrinin yazdığına görə, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, 1,5 milyon nəfərdən ibarət erməni icması prezidentin mövqeyinə etiraz ediblər. Ağ Ev qarşısında toplaşan ermənilər Trampın Ermənistana dəstək verməməsi bir tərəfə, heç olmasa, sülh çağırışlı bir tvit belə yazmamasından gileyləniblər.

ABŞ dövlət katibi Mayk Pompeo isə öz tvitində mülki şəxslərə atəş açılmasını, şəhərlərə raket atılmasını qınayıb. Siyasi şərhçilərin sözlərinə görə, Donald Tramp danışsa, Azərbaycanla əməkdaşlığa üstünlük verəcək.

Çünki Tramp Azərbaycanın bölgədə oynadığı rolu anlayır və Azərbaycana münasibəti müsbətdir. İl ərzində bir neçə dəfə Azərbaycan Prezidentinə məktub yazıb, əməkdaşlığın inkişafından danışıb. Lakin Amerikada erməni lobbisinin güclü olmasını nəzərə alan Ağ Ev rəhbəri regiondakı münaqişəni “görməzdən” gəlir. 

Vaşinqtonun proseslərə müdaxilə etməməsini “Şərq”ə dəyərləndirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, Vaşinqtonun, xüsusən Donald Tramp administrasiyasının Qarabağdakı hərbi əməliyyatlar barədə mövqeyini konkret açıqlamaması bir sıra məqamlarla bağlıdır:

“Səbəblərdən biri Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləridir. Həmçinin, Trampın koronavirusa yoluxması və seçki kampaniyası dövründə olması da təsiredici amildir.

Hazırda Ağ Ev rəhbərinin başı seçki prosesinə qarışıb. Digər faktor isə Azərbaycanı dəstəkləyən İsrail dövlətinin və yəhudi lobbisinin ABŞ-a təsir imkanlarıdır. Fikrimcə, bu məsələlərə görə, Tramp mövqeyini açıq şəkildə bəyan etməkdən çəkinir”. 
S.Əkbər ümumiyyətlə, üçlü formatın “ömrünün” bitdiyini söyləyib:

“ATƏT-in Minsk Qrupu mahiyyət etibarı ilə “erməni dostluq qrupu”dur. Hər üç həmsədr ölkə məhz erməni diasporasının ən çox yaşadığı və erməni lobbisinin ən güclü olduğu dövlətlərdir.

Həmsədrlərin başlıca məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq deyil, de-fakto vəziyyətin qorunub saxlanmasıdır. İşğal olunmuş ərazilərin faktiki olaraq Ermənistana ilhaq edilməsidir.

Ona görə də bir an öncə bu formatdan imtina edilməlidir. Azərbaycan Minsk formatından yaxşı heç nə gözləməməlidir.

Minsk Qrupu həmsədrlərinin sonuncu bəyanatları onsuz da ölmüş formatın tabutuna axırıncı mıxı vurdu. Bizim üçün belə format artıq mövcud deyil. Bunu yenidən diriltmək cəhdinə yol verilməməlidir”.