Ermənistan terrorçuları Qarabağa yığıb

Arzu Nağıyev: "PKK və ASALA ilə bağlı xüsusi xidmət orqanlarında kifayət qədər məlumatlar var"

PKK terrorçularının və müxtəlif millətlərdən olan muzdluların Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşməsi ilə bağlı yerli və xarici mətbuatda kifayət qədər faktlar işıqlandırılıb. Bu barədə xeyli dəlil-sübut var. Ermənistan yalnız PKK deyil, digər terror qruplaşmalarının - YPG, ASALA və s. təşkilatların köməyindən də istifadə edir. Fransanın “Liberation” qəzetinin məlumatına görə, 70-80-ci illərdə türk diplomatlarını qətlə yetirən ASALA terror təşkilatının aktiv üzvlərindən olan Jilbert Minasyan adlı terrorçu 2020-ci ilin avqustunda da Xankəndinə səfər edib. Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan onu 1-ci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif etmişdi. Hazırda beynəlxalq miqyaslı terrorçu Qarabağdadır və Azərbaycan Orudusuna qarşı fransız muzdlularla birlikdə döyüşür.

Ordumuza qarşı döyüşlərdə terrorçuların olması faktına ötən gün “Haber Türk”ə müsahibəsi zamanı Prezident İlham Əliyev də diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb: “Onlar erməni əsillidir, ya deyil, bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlib orada müharibə aparır. Bu, muzdlulardır. Xarici vətəndaşların iştirakına gəldikdə, Ermənistana baxsınlar. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən Qarabağda da PKK-lıların düşərgələri var. Biz bölgəni işğaldan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir”. 

Ölkə rəhbərinin diqqət yönəltdiyi məqamı “Şərq”ə şərh edən millət vəkili, təhlükəsizlik xidmətinin keçmiş zabiti Arzu Nağıyev vurğulayıb ki, uzun müddət Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara “dinc əhalinin məskunlaşması” pərdəsi altında terror təşkilatlarının üzvləri daşınıb. Deputatın sözlərinə görə, ermənilər dünyanın müxtəlif bölgələrində münaqişələrdən əziyyət çəkən, çətin durumda yaşayan qatil erməniləri, terrorçuları “sivil vətəndaş” cildində işğal altında olan ərazilərimizdə yerləşdiriblər:

“Əvvəllər də məlum idi ki, bu məskunlaşmanın altında terror təşkilatlarının üzvlərinin tədricən bölgəyə axışması prosesi gedir. PKK və ASALA ilə bağlı Azərbaycan mediasında və xüsusi xidmət orqanlarında kifayət qədər məlumatlar var idi ki, terrorçular ərazilərimizdə kök salıblar. Kanada və Fransanın öz vətəndaşlarını işğal altında olan torpaqlarımıza göndərməsi ikibaşlı yanaşmadır.

Belə çıxır ki, Qərb dövlətləri bu yolla radikal ünsürlərdən öz canlarını qurtarırlar və onların başqa bölgələrə gedərək öldürülməsinə imkan yaradırlar. Cənab Prezidentin də qeyd etdiyi kimi Qarabağda Azərbaycan Ordusunun qarşısına çıxan bütün terrorçular məhv ediləcək, düşərgələri darmadağın ediləcək. Kim əyninə hərbi forma geyinərək torpağımıza gəlir və əlindəki silahı bizim əsgərə çevirirsə, kimliyindən və milliyətindən asılı olmayaraq bizim düşmənimizdir”.  

Parlament üzvü qeyd edib ki, Dağlıq Qarabağdakı qondarma rejim özü qeyri-legitim olduğu üçün bölgədə qanunsuz dəstələr, terrorçu qruplaşmalar yaradıb:

“Bu qruplaşmalar narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, quldurluq, dinc əhaliyə qarşı terror aktları və s. cinayətlərlə məşğuldur. Nə qədər qanunsuz dəstələr varsa, hamısı məhv ediləcək. Biz əsassız ittihamların əksinə olaraq, dəlillərlə sübut edirik ki, Qarabağda terrorçu qruplaşmalar fəaliyyət göstərir”.