Paşinyanı çox ağır aqibət gözləyir

Qərb onu hakimiyyətə regionu gərginləşdirmək üçün gətirib

Ermənistan baş naziri Nikol Paşinyanın xalqa müraciəti bir çox məqamlarla yadda qaldı. Paşinyanın indiyə qədərki çıxışlarında bu qədər açıq etiraflar olmamışdı. Qarabağda gedən müharibəni dəyərləndirən erməni baş nazir həddən artıq çox itkilərinin olduğunu söylədi. Şimal və cənub istiqamətində bir çox mövqelərdən geri çəkildiklərini bildirdi, situasiyanın çox ağır olduğunu vurğuladı. Paşinyan yalnız hərbi-siyasi vəziyyətlə bağlı bərbad durumdan söz açdı, ağır iqtisadi vəziyyəti qabartmadı.

Məlumdur ki, ölkədə ciddi etirazlar başlayıb və əsgər ailələri yad torpaqlarda qırılan övladlarına görə Paşinyanı ittiham edirlər. Ermənistanda iqtisadi böhran dərinləşib. Onsuz da xəstəxanalarda yaralı əsgərlərə yer tapılmırdı.

Bir müddət öncə isə bütün klinikalara xəstə qəbulunu dayandırmaqla bağlı verilən tapşırıq fonunda ölkə vətəndaşlarının səhiyyə xidməti almaq imkanları tamamilə məhdudlaşıb. Ermənistanda koronavirusa yoluxma statistikası mini keçib. Hərbi itkilərlə paralel pandemiyanın da zərbələri qarşısında Ermənistanın zəif iqtisadiyyatı çökməkdədir. Ermənistan baş nazirinin bir etirafı isə xüsusilə mühümdür.

O, müharibənin başlanma məsuliyyətini hazırkı hökumətin daşımalı olduğu barədə Ermənistan cəmiyyətində formalaşmaqda olan rəyi dəyişdirməyə cəhd göstərib. Ancaq Paşinyan “yeni ərazilər” tezisini xatırlatmadı, Azərbaycanı təhdid edən və müharibəyə sürükləyən 2 illik fəaliyyətinə də toxunmadı. Hətta hərbi-siyasi ritorikasında yol verdiyi dəhşətli səhvləri, danışıqlar formatını dəyişmək cəhdini, “Qarabağ Ermənistandır və nöqtə” kimi ağılsız bəyanatını təkrarlamadı. Baş nazirin müraciətindən, sərf etdiyi cümlələrdən aydın görünür ki, Ermənistan hökuməti çıxılmaz vəziyyətdədir.

Hərbi uğursuzluq səbəbindən başını itirmiş baş nazir ölkəsindən daha çox özünün aqibətini düşünür. Yaxşı bilir ki, dörd günlük aprel döyüşlərinə görə 2 ildir ittiham etdiyi “Qarabağ klanı” indiki məğlubiyyətə görə Paşinyanı siyasi səhnədən silməyə çalışacaq. 

Düşmən ölkənin düşdüyü durumu “Şərq”ə analiz edən politoloq Azər Qasımov bəyan edib ki, Ermənistan dövlətinin varlığı hazırda təhlükə altındadır. Analitikin fikrincə, erməniləri fiziki məhv olmadan tutmuş ideoloji məhvə qədər təhlükəli hadisələr gözləyir:

“Paşinyan təlimatlarını Qərbin müəyyən dairələrindən alır. Prezident də buna işarə edərək Paşinyanı SOROS-un “əsəri” adlandırdı. Onun Kremldən yardım istəməsi Rusiyanı bu oyunun içərisinə çəkmək cəhdidir. Qərbin Rusiyanı parçalamaq cəhdlərinin bir epizodu Paşinyan tərəfindən oynanılır. Erməni baş nazir Ermənistan hakimiyyətinə karyera qurmaq üçün deyil, regionu gərginləşdirmək, müharibəni alovlandırmaq üçün gətirilib.

Azərbaycanla müharibədə bu qədər acınacaqlı duruma düşən Paşinyanın qonşu Gürcüstanın Cavaxetiya bölgəsinə iddia etməsi bu iddiaları təsdiqləyir. Paşinyan regionda münaqişəni mümkün qədər qızışdırmaq, hətta Qarabağın “müstəqilliyini” tanımaqla daha da gərgin vəziyyət yaratmaq fikrindədir”. 

A.Qasımovun sözlərinə görə, Paşinyanın missiyasına sülh daxil deyil:

“Kreml bunu bildiyi üçün hələlik mümkün qədər neytral mövqe sərgiləyir, müharibəni dayandırmaq istəyir. Azərbaycan heç nəyə baxmadan Vətən müharibəsinə davam etməlidir. Bizim işimiz haqq işidir və qələbə bizimlədir”.