Danışıqlar üçün hər şey hazırdır

Asim Mollazadə: "Prosesə mane olan Ermənistandır"

Pənah Hüseyn: "Məsələ döyüş meydanında həll olunacaq"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dağlıq Qarabağ məsələsinin uzunmüddətli həllinə tərəfdar olduğunu ifadə edib.

Türkiyə Prezidenti deyib ki, qardaş ölkə istər Minsk Qrupu daxilində, istərsə də ikitərəfli əlaqələr çərçivəsində Ermənistan-Azərbaycan məsələsinin dayanaqlı həll olunmasına tərəfdardır. Xarici işlər və müdafiə nazirlərinin telefon danışıqlarından sonra dövlət başçıları səviyyəsində dialoqlar nədən xəbər verir? Partiya sədrləri bu barədə fikirlərini “Sherg.az”la bölüşüblər.



Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “düyün”ün işğalçı ölkə olduğunu düşünür: “Həm Rusiya, həm də Türkiyə regionda sabitliyi bərpa ertmək niyyətindədir.

İkisi də sülh istəyir. Danışıqlar üçün hər şey hazırdır. Yeganə mane olan isə Ermənistandır. Bu dövlət heç vaxt beynəlxalq hüquq normalarına hörmət etməyib. Mən Ermənistanın ritorikasını faşistlərin hərəkətlərinə bənzədirəm. O vaxt Hitler Almaniyası da məğlub olanda Böyük Britaniyaya raket atırdı”.



Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bu danışıqları normal qəbul edir:

“Dövlət başçıları səviyyəsində dialoqlar təbiidir. Çünki regionda həm Türkiyənin, həm də Rusiyanın maraqları var. Amma məsələ döyüş meydanında həll olunacaq.

Son sözü Azərbaycan ordusu deyəcək”.