41-in mübarək, səmimi dövlət Adamı

Öncə onu jurnalist kimi sıralarımızda tanıdıq. Çoxdilli, çoxyönlü Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin öncə əməkdaşı, sonra rəhbəri oldu. Söhbətin kimdən getdiyini bildiz, o Hikmət Hacıyevdir. 4 il müddətində xarici işlər nazirinin əvəzinə Hikmət Hacıyev danışdı. Nə vaxt zəng etdik, telefonu açıq oldu, çəkinmədi, məsafə saxlamadı, səmimi danışdı. Özü ilə media arasına sədd qoymadı. Məlumdur, sabiq xarici işlər naziri Azərbaycan dilində danışa bilmirdi. Nəsə deyirdi, danışırdı, amma Azərbaycan insanı onu anlamırdı. Dilbilməzliyinə görə.

Hikmət Hacıyevsə sərrast nitqi, səlis danışığı ilə nazirin anlaşılmaz dilinə aydınlıq gətirirdi. Hikmət Hacıyev gözgörəsi peşəkar kadr idi və çoxunu maraqlandırırdı ki, görəsən, onun karyerası hansı istiqamətdə davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəetmə sistemində başlatdığı islahatlar kadr yenilənmələrinə də sirayət etdi və cənab Prezident Hikmət Hacıyevə yüksək etimad göstərərək əvvəlcə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, bir il sonra, 29 noyabr 2019-cu ildən isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin etdi. 

Maraqlıdır, oxucumuz “Hikmət Hacıyevdən niyə yazırlar, görəsən?” deyir indi. Şübhələnməyin. 15 oktyabr Hikmət Hacıyevin doğum günü idi. 41 yaşı tamam oldu. Niyə Hikmət Hacıyevin doğum gününü diqqətə aldıq, soruşmağa isə bizcə ehtiyac qalmaz.

Koronavirus pandemiyası Azərbaycanın qapısını döyəndən ta bugünədək – Azərbaycan Ordusu zəfərlər qazandığı əks-hücum əməliyyatlarına başladığı 27 sentyabr səhərindən bu yana gözlərindən sevinc, fərəh, qürur, Ali Baş Komandana sonsuz inam, Azərbaycan əsgərinə sonsuz şükranlıq, əsgəri bağrına basan hər bir vətəndaşa sonsuz təşəkkür yağır bu insanın simasından. 
        
Gözünü ekrandan ayırmayan, qatıldığı brifinqləri, mətbuat konfranslarını az qala dörd gözlə izləyən, ən lazımlı informasiyaları məhz onun dilindən eşidən və axtardığı cavabları da ondan alan vətəndaşların mərhəmcə “gecələr yatmır, gözləri şişib” deyə tərif etdiyi Hikmət Hacıyevdir. Onun hər kəsə başa düşəcəyi dildə cavab verməsi peşəkar kadr olduğunu sübut edir.

Zarafat deyil, 4 dil bilir; rus, türk, ingilis, fransız. Əsas olan Hikmət Hacıyevin ana dilini, Azərbaycanın dilini – bütün mənalarda qüsursuz bilməsidi. H.Hacıyevin ad günüdür, bu qəzet səhifəsinə köçürdüklərimiz isə tərif deyil, olandır, görünəndir. Ad günündə Hikmət bəyə nə arzulayaq?  

Ancaq “Qələbə!”, başqa nə arzu edə bilərik ki? Dağıntılar altından sağ çıxan və buna rəğmən gülümsəyən balaca Ömər də Gəncə balasıdı, Hikmət Hacıyev də. Hikmət Hacıyev təkcə gəncəlilərin deyil, Azərbaycanın, Türk Dünyasının  fəxri olduğunu əməli, fəaliyyəti ilə sübut edir.

İşğal altındakı bütün torpaqlarımızın hər qarışı azad edilib ailələr yurd yerlərinə köçəndə, uşaqların gülüşləri Qarabağı başına götürəndə yorğunluğunuzu dəf edəcəksiz. O xoş səhəri qarşılamaq arzusuyla, doğum gününüz mübarək, Hikmət müəllim! 

“Şərq” qəzetinin kollektivi