Düşmənin Ordubadı vurmasına REAKSİYA: “Türkiyəni hərbi sferaya çəkmək istəyir...”

“Çünki Paşinyan ilk gündən etibarən genişmiqyaslı hərbi əməliyyatlarda üçüncü tərəfin iştirakı ilə bağlı utanmadan yalanlar yaymaqdadır”

“İşğalçının iştirakçılaırn sayını artırmaq, müharibənin miqyasını genişləndirmək hədəfi məlumdur”

“Çünki günü-gündən məğlub olduğu, zəiflədiyi bir vaxtda buna məcburdur”



Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Bu, işğalçının növbəti təxribatı ilə yanaşı, həm də Türkiyənin maraqlarına ziddir. Çünki 1921-ci ilin 13 oktyabrında imzalanmış Qars müqaviləsinə əsasən qardaş ölkə həmin ərazinin təhlükəsizliyini təmin edir.

Ermənistanın bu faktı bilə-bilə  Ordubadı hədəf alması “bardağı daşıran son damla”dır, bəlkə də. Məqsəd isə müharibənin miqyasını genişləndirmək və güclülərin arxasında gizlənmək, daldalanmaqdır.
 
Təcavüzkarın budəfəki provokasiyanı “Sherg.az”a şərh edən AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov Ermənistanın təhrikedici addımını belə qiymətləndirir:

 “Ermənilər müharibənin ilk günnüdən son gününədək təxribatlar törədəcək. Bu, ilk belə hadisə deyil. Məgər Paşinyanın Şuşada rəqs etməsi, sərsəm bəyanatları, Mingəçevirin, Gəncənin vurulması təxribat deyildimi? Düşmən bilir ki, Türkiyə Azərbaycana ancaq mənəvi dəstək verir. O, bu dəstəyi hərbi sferaya daşımaqdan ötrü məhz Ordubadı vurdu.

Çünki Paşinyan ilk gündən etibarən genişmiqyaslı hərbi əməliyyatlarda üçüncü tərəfin iştirakı ilə bağlı utanmadan yalanlar yaymaqdadır. İşğalçının iştirakçılaırn sayını artırmaq, müharibənin miqyasını genişləndirmək hədəfi məlumdur. Çünki günü-gündən məğlub olduğu, zəiflədiyi bir vaxtda buna məcburdur.

Paşinyan başa düşmür ki, xilas olmağın bircə yolu var: Azərbaycan prezidentinə, xalqına üzrxahlıq müraciəti etməkvə ordusunu Dağlıq Qarabağdan çıxarmaq. Bunu etmədiyi halda taleyi daha da pisləşəcək. Fikrimcə, bundan sonra Ermənistan müxtəlif parlamentlərdə dəstək sənədləri qəbul etməyə çalışacaq, terrora əl atacaq.

Ümumiyyətlə, həmişə-bütün  tarix boyu belə olub. Amma Azərbaycanda da, regionda da,  dünyada da indi vəziyyət dəyişib. Ermənistan bunu anlamalıdır. Düşünürəm ki, bir neçə günə çox ciddi hadisələrin şahidi olacağıq”.