Ankaradan gələn ZƏNG ! – “Ermənistanın planları ifşa olunur!” - Provokasiya !

“Türkiyəli nazirin tez-tez zəng edib, informasiyaları ilkin mənbədən alması və məsləhətlər aparması qürurvericidir”

“Rəsmi Ankara humanitar atəşkəsin tez-tez pozulmasında ermənilərin günahkar olduğunu yaxşı bilir”


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazirlər dinc əhalimizin növbəti dəfə atəşə tutulmasını müzakirə ediblər. C.Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və azərbaycanlıların, mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən C.Bayramov Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.



Telefon danışığı barədə fikirlərini “Sherg.az”la bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, M.Çavuşoğlu bölgədəki məlumatları bilavasitə ilkin mənbədən almaq istəyir. Analitikin sözlərinə görə, Türkiyə hazırda beynəlxalq aləmdə Azərbaycanın sözçüsü statusunda çıxış edir:

“Türkiyənin xarici ölkələrdəki səfirləri bizimkilərdən iki dəfə çoxdur. Qardaş ölkənin informasiya müharibəsi aparmaq təcrübəsi də yüksəkdir. Türkiyə humanitar atəşkəsin tez-tez pozulmasında ermənilərin günahkar olduğunu yaxşı bilir. Lakin qardaş ölkə daha dəqiq və konkret məlumatlar əldə etməkdə maraqlıdır. Düşmən oktyabrın 9-dan etibarən hər gün nəinki atəşkəsi pozur, həm Cenevrə konvensiyasına, həm insan haqları müddəalarına və digər beynəlxalq sənədələrə məhəl qoymur. Dünən Tərtərə, bu gün isə Ordubada raket zərbəsi endiriblər. Bu da başqa bir provokasiyanın mövzusudur”.

C.Nuriyevin fikrincə, düşmən bütün hallarda çalışır ki, Azərbaycan Ermənistan ərazisini vursun və ondan sonra bütün dünyaya hay salıb Kollektiv Təhlükəsizlik müqaviləsinin 4-cü bəndini işə salsınlar:

“Yəni Ermənistan yenə xain planlar qurmaqdadır. Azərbaycan və Türkiyə çox gözəl bilir ki, Ermənistan informasiya müharibəsində öz xislətinə uyğun olaraq şərdən, böhtandan istifadə edir.

Ona görə də bir Azərbaycan vətəndaşı kimi M.Çavuşoğluna minnətdarlığımı bildirirəm. 

Dünya təcrübəmiz qardaş ölkə ilə müqayisədə azdır. Biz dünya arenasında müstəqil dövlət kimi cəmi 29 ildir ki, fəaliyyət göstəririk. 

Türkiyənin isə 100 ilə yaxın Cümhuriyyət təcrübəsi var. Bütün bunların fonunda türkiyəli nazirin tez-tez zəng edib, informasiyaları ilkin mənbədən alması və məsləhətlər aparması qürurvericidir”.