Qandonduran açıqlama: “Uşağın əli ananın qarnından çölə çıxmışdı” – Erməni vəhşiliyi ! 

“Demək istəyirəm ki, belə qəddarlıqlar olub. Ona görə Prezidentimiz düz deyir. Onları iti qovan kimi qovmaq lazımdır”

“ Ərazi bütövlüyümüzü bərpa etməliyik. Eyni zamanda  onların vəhşiliklərini, terror aktlarını bütün dünyaya yaymalıyıq”

“ Mən bunun üçün əlimdən gələni edirəm. İnstaqram səhifəmdə dünya mətbuatını tağ edirəm. Arxa cəbhədə savaşıram”


Müzəffər ordumuz  20 gündür ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparır. Uğurlu döyüş əməliyyatları nəticəsində otuz ildir düşmən tapdağında olan rayon, qəsəbə və kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimiz azad olunub. 
Bütün bunların sevinci ilə yanaşı şəhidlərimizin, düşmən təxribatı nəticəsində həlak olan dinc əhalinin hüznü də ürəyimizi dağlayır. Sözün əsl mənasında bir gözümüz gülür, biri ağlayır. Elegiya kimi ömür, gün yaşayırıq. 

Şuşadan olan sevilən aktrisa, xalq artisti Firəngiz Mütəllimova da “Sherg,az”a həm sevincli, həm də kədərli olduğunu bildirib. Sənətkar Şuşa ilə bağlı xatirələrindən də söz açıb danışıb:

“Sərhəd bölgələrində yaşayan insanların halını başa düşürəm.  Çünki ailəm bir ildən çox Şuşada həmin şəraitdə yaşayıb. O zamanlar da tez-tez atəş açırdılar. Yadıma gəlir 1991-ci ildə atamın 60 illik yubileyini qeyd edirdik. Birdən atmağa başladılar. Ona görə də ermənilər dünyada terorrist kimi tanınır. Təəssüf ki, onların mənfur əməllərinə göz yumurlar. Biz 30 ildir nələr yaşamışıq. Həyatımız puç olub. Nə ailə qura bildik, nə da həyatımıza davam etdik. Elə təzə ailə həyatı qurmuşdum. Ailəm Şuşadan qaçqın düşüb, gəldi.

Bilmədim onlarla məşğul olum, ya nə edim?. Allah heç kimin başına gətirməsin. Ermənilər bütün həyatımızı məhv elədilər. İndi öz qazdıqları quyuya düşürlər. Bir hadisə də ərz edim. Paşinyan Cıdır düzündə oynayanda nə qədər əsəb keçirdim.Qan təzyiqim üçün dərman içirdim. Mən xəstə adamam, əməliyyat keçirmişdim.

Elə şeylər yaşamışam ki, onları dilə gətirməyi sevmirəm. Çalışmışam ki, insanlar məni nikbin görsün. Amma yaşadıqlarımın hamısı ermənilərin mənfur əməllərinin nəticəsidir. Ona görə istəyirəm ki, gələcək nəsil rahat yaşasın.”

Xalq artisti həmçinin müharibə başladığı gündən etibarən gözünə yuxu getmədiyini, hər gecə əsgərlərimiz üçün dua etdiyini söyləyib. O Qarabağa gedəcəyi günün arzusunda olduğunu xüsusi vurğulayıb:

“İstəyirəm ki, anamın, atamın Şuşa, Qarabağ deyərək dünyadan köçən insanların ruhu şad olsun. Həmçinin şəhidlərimizin ruhları rahatlıq tapsın. Hər an Şuşada yaşayacağım günlərin xəyalını qururam. Onu da qeyd edim ki, hazırda tarixi günlər yaşayırıq. Ordumuzun zəfərlərinə görə çox sevinirəm. Bir tərəfdən də üzülürəm. Düşmənin terror xarakterli əməllərinin nəticəsində dinc əhali əziyyət çəkir, körpələr yetim qalır. Onlar üçün nə etsək azdır. Məsələn ailəmin Şuşadakı evi dağılmışdı. Anamgil Bakıya gəlmişdi. Onda deyirdik ki, narahat olma burda ev düzəldərik. O da dedi ki, siz mənə saray da tikdirsəniz mən evimi istəyirəm. Ona görə hamını başa düşürəm öz torpaqlarını istəyirlər.”

Firəngiz xanım cənab ali baş komandana can sağlığı arzu edərək deyib ki, 30 ildir səbr etməyimiz əbəs deyilmiş:

“Allah səbr edəni sevir. Qələbə bizimlədir. İnşallah tezliklə bütün Qarabağın işğaldan azad olunması xəbərini eşidək. Bir Azabaycanlı, şuşalı kimi ən böyük arzumdur.

Erməni vandalizmi torpaqlarımızdan təmizlənsin. Atalar demiş ilanın ağına da lənət, qarasına da. Mən onların içində yaşamışam. Bilirəm nədilər, kimdilər. Ona görə də onlara heç kimin yazığı gəlməsin. Onlar Xocalıda bizi qıranda yazıqları gəldimi? Yox ! Bir hadisəni danışmaq istəyirəm. Şuşada Süleyman adlı oğlan var idi.

Onu ailəsi ilə bir yerdə maşının içində gülləbaran etmişdilər. Yoldaşı 8 aylıq hamilə idi. Hələ doğulmamış uşağın əli ananın qarnından çölə çıxmışdı. Demək istəyirəm ki, belə vəhşiliklər olub.

Ona görə Prezidentimiz düz deyir. Onları iti qovan kimi qovmaq lazımdır. Ərazi bütövlüyümüzü bərpa etməliyik. Eyni zamanda  onların vəhşiliklərini, terror aktlarını bütün dünyaya yaymalıyıq. Mən bunun üçün əlimdən gələni edirəm. İnstaqram səhifəmdə dünya mətbuatını tağ edirəm.

Arxa cəbhədə savaşıram. Efirlərə dəvət alıram, gedirəm danışıram. Məni sevindirən bir məqam var. İndi  hər kəs, hətta cəbhəboyu ərazilərdə əziyyət çəkən, yaralanan insanlar da torpaq, Vətən deyir. Bir sözlə qələbə gününü gözləyirəm.”