"Türkiyənin danışıqlar masasında olması çox aktual və realdır" - ŞƏRH

Tofiq Zülfüqarov: "Azərbaycan ictimaiyyəti Türkiyə olmadan heç bir formata etibar etmir”

“Rəsmi olaraq Ermənistan Rusiya ilə, Azərbaycan isə Türkiyə ilə hərbi mütəffiqdir. Beləliklə balanslaşmış bir sxem əmələ gəlir."

 "Onların Türkiyəyə qarşı hansısa sualları varsa, bunu masa arxasında həll etmək daha məntiqlidir”


Bu ilin senytabrın 27-dən etibarən Dağlıq Qarabağda düşmənin təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçdi. Son 20 gün ərzində eskalasiya daha da dərinləşdi. Müzəffər ordumuz uğurlu əməliyyatlar keçirərək Cəbrayıl, Füzuli rayonları, Suqovuşan, Hadrut və başqa əraziləri işğaldan azad edib. Əlbəttə, müharibənin ilk günlərindən dünya ölkələri atəşkəsin bərpa olunmasına dair çağırışlar etdilər. Nəhayət Rusiya "sülh göyərçini donu"nu geyinərək Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etdi. Nəticədə humanitar atəşkəs elan olundu. Amma bu razılaşmadan bir neçə saat keçmədən işğalçı Ermənistan Gəncədə yaşayış binalarını hədəfə aldı. Ölən və yaralananlar oldu. Bununla da separatçı ölkə humanitar sazişi kobud şəkildə pozdu.

Bundan sonra Rusiya təcavüzkar Ermənistana siyasi və hərbi dəstəyini davam etdirdi. Buna dair çoxsaylı faktlar var. Rəsmi Moskvanın açıq dəstəyindən sonra da qardaş Türkiyənin  danışıqlar masasında iştirakı məsələsi aktuallaşdı. Bir sözlə, danışıqlar masasında 2+2 formatının - Türkiyə- Azərbaycan və Rusiya - Ermənistan- reallaşması gündəmə gəldi. Qısası, bundan sonra rəsmi Ankaranın da masada olacağı aydındır.  Buna dair Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz müsahibələrində açıq-aydın mesajlar verib.

Vəziyyəti şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, münaqişədə hansı format aktualdırsa, həmin formata üstünlük vermək olar. Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlarda iştirakına dair təklif edilən 2+2 formatı ona görə aktualdır ki,  Rusiya və Türkiyənin münaqişəyə nəzarəti təşkil etmək təcrübəsi var.

T.Zülfüqarov Türkiyənin danışıqlarda iştirakının kifayət qədər məntiqli olduğunu deyib:

“Dünən düşmən Ordubada da raket atıb. Məlumdur ki, Türkiyə və Rusiya 1920-ci il Moskva sazişinə əsasən, Naxçıvanın indiki statusunun təminatçısıdır. Bu baxımdan Türkiyə üçün imkan var ki, bu məsələdə ortaq məxrəcə gəlib, hansısa qərar qəbul etsinlər.

Sözsüz ki, Ermənistan Türkiyənin danışıqlarda iştirakına qarşı çıxacaq. Amma bu, məntiqə ziddir. Çünki ermənilərin verdiyi iki bəyanatdan biri Türkiyəyə aiddir. Onların Türkiyəyə qarşı hansısa sualları varsa, bunu masa arxasında həll etmək daha məntiqlidir”.

Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan ictimaiyyəti də qardaş ölkənin danışıqlar masasında olmasını müsbət qəbul edir:

“Çünki rəsmi olaraq Ermənistan Rusiya ilə, Azərbaycan isə Türkiyə ilə hərbi mütəffiqdir. Beləliklə balanslaşmış bir sxem əmələ gəlir. Ona görə də Türkiyənin danışıqlar masasında olması çox aktual və realdır. İlk növbədə insanlar bu danışıq formatına inanmalıdır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti Türkiyə olmadan heç bir formata etibar etmir”.