"Vətəndaşlarımız həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir" - Deputat


Son günlər Gəncə şəhəri Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı Azərbaycan  xalqının müqavimət rəmzinə çevrilib. Bunu oktyabrın 16-dan 17-nə keçən gecə baş verən qanlı hadisələr bir daha sübut etdi. Gecə  saat 01:00 radələrində terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin yenidən raket atəşinə tutuldu. Bu hadisə nəinki vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.


Ermənistanın xalqımıza qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmağa nail olmaq cəhdləri növbəti dəfə iflasa uğradı. Gəncə əhalisi, ümumilikdə bütün xalqımız bu ağır günlərdə  heç vaxt olmadığı kimi nikbindir.
Düşmənin Gəncədəki vandalizmini “Sherg.az” şərh edən millət vəkili Müşfiq Məmmədli bildirib ki, vətəndaşlarımız həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə  nümayiş etdirir. Milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər.

Parlament üzvü qeyd edib ki, böyük qələbəyə köklənmiş Azərbaycan xalqından və müzəffər ordumuzdan fərqli olaraq, Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib:

“Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq qalibiyyətli Azərbaycan Ordusunun qarşısıalınmaz əks-hücumları nəticəsində müqavimət qabiliyyətini tamamilə itirən Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.  Eyni zamanda, bu gün cəbhədə bir-birini əvəz edən ardıcıl məğlubiyyət sindromu iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində baş nazir Nikol  Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Pərakəndə vəziyyətdə olan ordunun şəxsi heyətində baş verən ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır. Artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar”.

Millət vəkili vurğulayıb ki, düşmən ölkədə əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir:

“Ölkədə və orduda mövcud olan  son dərəcə acınacaqlı vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu qoymur. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa cəhd göstərir. Paşinyan bu çabalarının heç bir nəticə vermədiyini anlayır. Onun yırtıcı komandası döyüş meydanında uğradığı ağır məğlubiyyəti Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrinə, o cümlədən Gəncədə günahsız mülki vətəndaşalara qarşı gecəyarısı xaincəsinə raket hücumları ilə konpensasiya etməyə çalışır”.