Ceyhun Bayramovla Bağdad Amreyev arasında telefon danışığı baş tutdu


18 oktyabr 2020-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutdu.

Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Baş Katibə bölgədəki son vəziyyət barədə məlumat verdi və atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri bərpa etməyi hədəf aldığını göstərir. Nazir Ermənistanın beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməli olduğunu vurğuladı.

Baş katib Bağdad Amreyev Ermənistanın münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərinə və yaşayış yerlərinə hücumlarını pislədi və Türk Şurasının Azərbaycanla həmrəyliyini qeyd etdi. Bağdad Amreyev vurğuladı ki, Ermənistan mülki əhaliyə qarşı hücumları dayandırmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Nazir Ceyhun Bayramov Türk Şurasının Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyinə verdiyi dəstəyə görə Baş katibə təşəkkürünü bildirdi.