Strasburqda Azərbaycana dəstək aksiyası keçirilib (FOTO)

Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər. Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları qətlə yetirilmiş günahsız vətəndaşlarımız və erməni işğalçıları ilə mübarizədə döyüş meydanında həyatlarını fəda etmiş Azərbaycanın qəhrəman hərbiçilərinin əziz xatirəsini yad ediblər.