Hərbçilərimizin həyatları bizlər üçün çox dəyərlidir

Çalışmalıyıq ki, koronavirus onların qazandıqları uğura kölgə salmasın

"Dövlətin atdığı alqışalayiq addımlar sayəsində xəstə sayında kəskin azalmalar oldu. Lakin son günlər insanların məsuliyyətsiz yanaşması yoluxma sayını kəskin artırdı. Bildiyimiz kimi, artıq 20 gündür ki,  mərd əsgərlərimiz torpaqlarımızın bütövlüyü uğrunda vuruşurlar. İlk olaraq, hər birimiz bir xalq olaraq onların sağlamlığını düşünməliyik. Çalışmalıyıq ki, koronavirus hərbçilərimizin qazandıqları uğura kölgə salmasın". 

Bu sözləri "Şərq"ə açıqlamasında həkim Zəka Məmmədli deyib. Həkim bildirib ki, hər kəs çəkilən əziyyətə, tökülən tərlərə, itirilən canlara hörmətlə yanaşmalı və özlərini qorumalıdırlar:

"İnsanlar qoyulan tələblərə riayət etmirsə, bundan ən böyük zərəri görəcək yenə də özləridir. İnsanlar sosial məsafə və gigiyena qaydalarına əməl etməli, maska taxmalıdırlar. Xəstəlik əsasən insandan insana yoluxur.

İstənilən ictimai yerlərdə qorunma qaydalarına riayət edilməlidir.  Heç kim bu xəstəlikdən sığortalanmayıb. Hərbçilərimizin həyatlarının bizlər üçün necə dəyərli olduğunu bir daha düşünməliyik. Onları qorumaq üçün bu xəstəliyə hər kəs ciddi yanaşmalıdır.

Hər birimiz anlamalıyıq ki, Şanlı Ordumuzun uğurlu əks-hücum əməliyyatları apardığı zamanda virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə və ordumuza dəstək vermiş olarıq".